27.04.2025
Şəhid Elməddin Məmmədlinin 30 illik yubileyinə həsr olunmuş anım məclisində şəhidin ailəsi, ölkəmizin müxtəlif bölgələrindən gələn qonaqlar və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, sonra Dövlət Himni səsləndirilib.
Məktəb direktoru Münasib Nuriyev giriş nitqində gələn qonaqları salamlayaraq belə anım tədbirlərinin həm şəhid ailələri üçün, həm də gənc nəsil üçün önəmini vurğulayıb.
Sonra Elməddin Məmmədlinin şərəfli döyüş yolunu əks etdirən videorolik nümayiş olunub.
Çıxış edənlər arasında Lənkəran ŞİH başçısının müavini Ülviyyə Əliyeva, rayon təhsil sektorunun baş məsləhətçisi Cəmil Axundzadə, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev, AYB Lənkəran Zona Bölməsinin sədri Qafar Cəfərli və Vətən Müharibəsi Veteranları İB-nin Lənkəran bölməsinin sədr müavini Saleh Dostuyev olub. Hamısı Elməddin kimi igid oğullarımızın Ali Baş Komandanın “Dəmir Yumruq”u ətrafında birləşərək torpaqlarımızı düşməndən azad etməklə bizə böyük qürur yaşatdıqlarını diqqətə çatdırıblar.
Tədbirin bədii hissəsində M.F.Səhban adına Göyşaban kənd tam orta məktəbin şagirdləri və 6 saylı məktəb-liseyin şagirdləri müxtəlif şeirlər söyləyib, ədəbi-bədii kompozisiya təqdim ediblər.
Tədbir Göyşaban kənd Mədəniyyət Evi və Göyşaban kənd tam orta məktəbin birgə təşkilatçılığı sayəsində baş tutub.