Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Süleyman Ələsgərovun ömür notları

16.04.2024

Astara rayon Heydər Əliyev Mərkəzində görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Şadoğlan Bayramov, Astara rayon O. Kazimi adına Uşaq Musiqi məktəbinin müəllimləri, Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları, şəhər 5 saylı, N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəblərinin tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.

Əvvəlcə ümummilli lider HeydərƏliyevin, Süleyman Ələsgərovun və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Şadoğlan Bayramov açaraq tədbirin mahiyyəti haqqında məlumat verib.

Sonra “Bəstəkar Süleyman Ələsgərov” haqqında film nümayiş edilib.

Tədbirdə mərkəzin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edərək bildirib ki, 2024-cü ildə görkəmli Azərbaycan bəstəkarı, tanınmış dirijor və pedaqoq, respublika Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərovun anadan olmasının 100 illiyi tamam olur. Süleyman Ələsgərov milli mədəni ənənələr zəminində yüksələrək Azərbaycan musiqi mədəniyyəti tarixinə mühüm səhifələr yazmış sənətkarlardandır. Onun janr əlvanlığı və forma aydınlığı ilə seçilən zəngin yaradıcılığı öz mənbəyini xalq musiqisi xəzinəsindən almışdır. Operetta, opera, simfonik muğam və poemaları, süita, kantata, kamera-vokal və instrumental əsərləri, xüsusən də sözlə melodiyanın ahəngdar vəhdətində ərsəyə gətirdiyi və ifaçıların repertuarında geniş yer tutan mahnı və romansları bəstəkara musiqisevərlərin böyük rəğbətini qazandırmışdır. Süleyman Ələsgərov maarifçi və təşkilatçı kimi ölkənin mədəni həyatının müxtəlif sahələrində uğurla çalışmaqla yanaşı, həm də uzunmüddətli pedaqoji fəaliyyəti dövründə gənc musiqiçilər nəslinin yetişməsi istiqamətində təqdirəlayiq xidmətlər göstərmişdir.

Daha sonra mövzu ətrafında Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Tarix-Diyarşünaslıq Muzeyinin direktor əvəzi Şahin Əliyev, Astara rayon O. Kazimi adına Uşaq Musiqi məktəbinin müəlliməsi İlahə Qasımova çıxış edib.