Astara rayonu ölkənin cənub - şərqində, İran - Azərbaycan sərhəddində yerləşir. Azərbaycanın ən mənzərəli rayonlarından biri olan Astaranın ərazisinin bir hissəsi Talış dağları tutur, bir hissəsi isə ovalıqdır. Astaraçay və Təngərüd çayları uca dağlardan başlanır və Xəzər dənizinə tökülür. Rayon ərazisinin 37.000 hektar sahəsi meşələrlə örtülmüşdür. Mənzərəli Talış dağlarının bənzərsiz gözəlliyi və bu yerlərin saf havası buraya yolu düşənləri həmişə heyran edir. 1886cı ildə fransız rəssamı Alberto Pepin Talış dağlarını, ykrli sakinlərin həyat və məişətini, mədəniyyətini, adət və ənənələrini, geyimlərini, eləcə də bu diyarın gözəl peyzacını öz əsərlərində əks etdirmişdir. Astara meşələrində cır heyva, əzgil, yemişan, böyürtkən, çəhrayı güllü akasiya, həmişəyaşıl tikanlı bitkilər, eləcədə sarmaşıq fəsiləsinə aid bitkilər geniş yayılmışdır. Talış meşələrinin faunası zəngin və rəngarəngdir. Bu meşələrdə canavar, çöl pişiyi, maral, cüyür, oxlu kirpi və başqa heyvanlar yaşayır. Dəniz sahilində gözəl qumlu çimərliklər çoxdur. Bu yerlərdə dənizin suyu isə təmiz və şəffaf olması ilə seçilir. Lənkərandan Astaraya gedən yol son dərəcə mənzərəlidir, ətrafdakı meşləi dağlar diqqəti cəlb edir. Yolun sol tərəfində ensiz dənizkənarı zolaqda yerləşən Hirkan qoruğunda dəmirağacı, dzelkva və başqa nadir ağaclar mühafizə olunur. Astara Respublikanın əsas çayçılıq və tərəvəzçilik rayonlarından biri sayılır. Ərkivan kəndinin yaxınlığında xalq arasında Əsədulla bulağı deyilən müalicəvi kükürdlü suyu olan bulaq var. Burada çox qəribə bir hadisə müşahidə etmək olar. Yandırılmış kibritli bulağın suyuna yaxınlaşdırdıqda «odlu fəvvarə» yaranır. Rayon ərazisində qədim qəbirstanlıqlar - kurqanlar aşkar edilmişdir. Bu kurqanlarda tapılmış əmək və ov alətləri onu göstərir ki, tunc və dəmir dövründə bu yerlərin sakinləri «metallurgiya» ilə məşğul olmuşdular. Rayon ərazisində 400-dən çox tarixi abidə salamat qalmışdır. Onların əksəriyyəti dağ kəndlərindədir. Şindan kəndində el arasında bəabək qülləsi deyilən qüllə, Nidus kəndindəki qüllə, Şahağac kəndində XII əsrə aid məqbərə, Pensər kəndində Hacı Teymur və Hacı Cahanbaxış məscidləri, Məşədi Abutalıb hamamı, Ərkivan kəndində Kərbəlayi Həmid Abdulla hamamı bu qəbildəndir. Qapıçı məhəllə kəndində VII əsrə aid karvansara, e.ə. III-I əsrlərə aid nekropol, qədim qalanın xarabalıqları, məqbərə, tunc və daş dövrə aid heykəllər qalmışdır. Astara şəhəri kiçik və mənzərəli liman şəhəridir. Talış dağlarının yaxınlığında yerləşən Astara çəltik plantasiyaları ilə əhatə olunmuşdur. Astara həm də Bakı - Tehran yolunda mühüm tranzit məntəqədir. Şəhədəki diyarşünaslıq muzeyində rayon ərazisində tapılmış sikkələr və daşdan hazırlanmış əmək alətləri saxlanılır. Yaşı 2000 ildən çox olan, daşdan yonulmuş insan heykəli xüsusi maraq doğurur. Harada qalmaq olar Astara şəhərində yerləşən mərkəzi mehmanxana 30-50 nəfər turist qəbul edə bilər. Bakı - Astara magistralında yerləşən «Savalan» ticarət mərkəzində mehmanxana var. Tel. 3 31 16. Harada nahar etmək olar «Turist» və dəmir yol vağzalının yaxınlığında, dəniz kənarının ləpədöyənində yerləşən «Sahil» restoranları astaralıların və qonaqların ən çox getdiyi yerlərdəndir.