Maddi-mədəni irsi
Lerikdə dövlət mühafizəsində olan daşınmaz tarixi mədəniyyət abidələri mövcuddur. Bunlardan yerli əhəmiyyətli memarlıq abidələri 27, arxeloji abidələr 25, monumental və xatirə abidələri 1, dekorativ, tətbiqi sənət abidələri 78 və s.-dir. Lerik şəhərində 1 tarix-diyarşünaslıq muzeyi, "Uzunömürlülər" muzeyi, rəsm qaleriyası fəaliyyət göstərir.
Rayonda çoxsaylı tarixi abidələr var. Xanəgah kəndindəki Xoca Seyid məqbərəsi (XIV əsr), Lüləkəran kəndindəki məscid (XIX əsr), Mistan kəndində, dəniz səviyyəsindən 2438 metr yüksəklikdə yerləşən "Qızyurdu" adlı qədim insan məskəni, Mondigah kəndindəki Baba İsa türbəsi, Kekonu kəndinin yaxınlığındakı Pir Yusif məqbərəsi, Lerikdən Cəngəmiran kəndinə gedən yolun üstündəki Cabir məqbərəsi (XII-XIV əsrlər) və s. Kəndlərin çoxunda daşdan yonulmuş qoç heykəlləri salamat qalmışdır. Cəngəmiran kəndinin yaxınlığında Xəlifə Zəkəriyyə məqbərəsi var. Bu kənddə qədim ağaclar da tarixi abidələr kimi qorunur. Məşhur fransız yazıçısı Aleksandr Düma vaxtilə Qafqaza səyahət edərkən Lerik meşələrindən keçərək Hovil kəndində olmuş, öz əsərlərində bu kəndin eskizlərini çəkmiş, gözəlliklərini vəsf etmiş, əhalinin qonaqpərvərliyindən, məşğuliyətindən geniş yazmışdır.
Lerik ərazisində mövcud olan Oğlan və Qiz qalaları müdafiə məqsədi ilə tikilmişdir. Bu qalalara su dulus borularla bulaq çeşmələrindən çəkilibmiş. Qalaların bürcləri orjinal arxitektura quruluşuna malikdir. Rəvayətə görə bura qədim albanların məskəni olmuşdur. Burada albanlara məxsus qəbirstanlıq indi də mövcuddur.
Səfəvilərin hakimiyyəti illərində Şah İsmayıl öz inanılmış adamlarını Lerik rayonu ərazisinə də göndərmişdir. İndi əhalinin ziyarətgaha çevirdiyi Babagil məqbərəsi də o dövrlərin yadigarıdır.
Rayonda Heydər Əliyev Mərkəzi, 22 mədəniyyət evi, 64 kitabxana (şəhərdə bir mərkəzi kitabxana, bir Uşaq kitabxanası), 44 klub, 1 rəsm qalereyası, 2 ibtidai musiqi məktəbi fəaliyyət göstərir. Rayon üzrə 193 tarixi abidə qeydə alınmışdır. Bunlardan 42-si ölkə, 151-i isə yerli əhəmiyyətli abidələrdir.
Mədəniyyət evlərində 20 bədii özfəaliyyət kollektivi, klub müəssisələrində 123 dərnək fəaliyyət göstərir. "Lakto", "Cəngəsər", "Bahar", "Çiçək", "Uzunömürlülər" və digər mahnı və rəqs ansamblları milli musiqimizin, adət və ənənələrimizin yaşaması üçün səylə çalışırlar.
Rayon mərkəzləşdirilmiş kitabxana sisteminin filiallarında 293.8 min nüsxə siyasi, bədii və elmi ədəbiyyat toplanmışdır. Bu zəngin fonddan 22,7 min nəfər oxucu istifadə edir. 2012-cu ildə rayon mərkəzi kitabxana sisteminə 1641 nüsxə yeni nəşrlər daxl olmuşdur.
Turizmin rayonumuzda yeni bir sahə olmasına baxmayaraq, keçən qısa vaxt ərzində bu sahədə bir sıra uğurlara imza atılmışdır. Dövlət Proqramının icrası ilə bağlı rayonumuzda fəaliyyət göstərən "Relax", "Təbəssüm", "Meşəbəyi", "Çənlibel", "Xəyal", "Həyat", "Qala", "Cənub", "Möcüzə" turizm istirahət əyləncə mərkəzlərində istirahət edən qonaqlara vaxtlarının səmərəli keçirmələri üçün hər cür şərait yaradılmışdır. Bu mərkəzlərdə eyni vaxtda 700 nəfərdən artıq turistin qalması və istirahət etməsi üçün ən müasir standartlara uyğun hər cür şərait yaradılmışdır. Hesabat ilində 7945 nəfər turist, keçən ilə nisbətən 227 nəfər çox turistin rayonumuza gəlməsi qeydə alınmışdır.
Lənkəran-Lerik yolu boyunca, Qosmalıan və Bilnə kəndlərində yeni turizm istirahət əyləncə mərkəzləri, Lerik şəhərində, ərazilərdə, magistral yol boyu ticarət mərkəzləri, iaşə obyektləri tikilmiş və bu sahədə iş davam etdirilmişdir. Lənkəran-Lerik yolunun 36-cı km-də müasir kottec və otellərə malik "Cənub" turizm-istirahət mərkəzi inşa edilərək, "Relax" turizm istirahət mərkəzində inşasına 2010-cu ildən başlayan "AKVA-park" istirahət meydançası tikilərək stifadəyə verilmişdir. Burada turistlərin istirahətinin daha rəngarəng keçməsi üçün qarşıdakı illərdə kanat yolların tikintisi nəzərdə tutulmuşdur.