Lənkəran Azərbaycanın cox qədim yaşayış məskənlərindən biridir. Bölgə ərazisində aparılmış arxeoloji qazıntılar bu yerlərdə hələ tünc dövründən, yəni eramızdan əvvəl III-II minilliklərdə insanların yaşadığını təsdiq etmişdir. Əlverişli iqtisadi-coğrafi mövqeyi, füsunkar təbiəti, geniş əlaqələri, Qərblə Şərqi birləşdirən əsas karvan yollarının üstündə və Xəzər dənizi sahillərində yerləşməsi onun inkişafını xeyli sürətləndirmişdir.
Lənkəran sözünün mənşəyini araşdırmaq məqsədilə ilk dəfə bu adın işlədildiyi tarixə nəzər salmaq lazımdır.1409-cu ildə ərəb dilində yazılmış"Fərruxnameyi-cəmali" müəllifi təbib Ramazan ibn Şeyxəli Lənkərani və həmin kitabı 1594-cü ildə fars dilinə tərcümə edən Möhübəli ibn Əhmədi Lənkərkünani ləğəbinə təsadüf edirik.
XV əsrdən əvvəl deyilən Ləngərkünan, Ləngəran, Lənkgəran, Lanqaran, Lyanqaran sözləri bu günkü Lənkəran sözünün ilkin formaları olmuşlar. Bunlardan Ləngərkünan - Ləngər və künan - yer, məskən deməkdir. Dəməli, birinci adı lövbər calınan yer deməkdir. Bu adın yaranmasına səbəb dünyanın müxtəlif yerlərindən Irana ticarətə, səfərə, təhsilə, ziyarətə, diplomatik işlərə gedən və Irandan gələn gəmilərin burada lövbər salıb dayanmalarıdır.
Ləngkəran farsca - ləng, ləngimək, kəran - yer (məskən) deməkdir. Deməli, ikincisi "ləngiyən yer" mə'nasını verir. Adın yaranmasına səbəb yağışların çox olması üzündən buraya gələnlərin ləngiməsidir.
Bütün bunlar göstərir ki, Lənkəranın tarixi çox qədimdir. Onun bir kilometrliyində Digah kəndində aşkar olunan Divə - lona qəbirstanlığının e. ə. daha qədim əsrə aid edilməsi buna sübutdur. Bundan əlavə 1869-cu ildə Səid Əli ibn Kazım Bəy tərəfindən qələmə alınmış "Cavahirnameyi - Lənkəran" kitabında vaxtilə IX əsrdə Lənkəranın Bəlləbur qalasında yerləşdiyi ehtimal edilir.
Görkəmli yazıçı və tarixçimiz A.Bakixanov "Gülüstani Irəm" (1841), Mirzə Əhməd Mirzə Xudaverdi oğlu 1882-ci ildə qələmə aldığı "Əxbərnamə" kitablarında Lənkəranı "Ləngərkünan" adlandırmışlar.
XVI əsr Ingiltərə Moskva ticarət kompaniyasının müvəkkili Çepmen öz səyahəti zamanı Layqon şəhərində olmasını bildirir. Alman imperatoru Rudolf Habsburqun I şah Abbasa göndərdiyi səfir Stefan Kakaş və onun katibi Tektanderin Almaniya səftərxanasında saxlanılan hesabatında Lənkəranın və ondan bir az aralı olan Lankon kəndinin adı çəkilir. XVII əsr alman alimi Adam Oleari isə bu şəhəri lənkərkunan adlandırmışdır.
Lənkəran şəhərinin inşası tarixi hələlik dəqiq müəyyənləşdirilməmişdir. Bu da burada kifayət qədər arxeoloji qazıntıların aparılmaması ilə əlaqədardır.
Lənkəran şəhərinin adına ilk dəfə biz səyyah Larens Çepmenin xatirələrində rast gəlirik. Onun xatirələrindən məlum olur ki, səyyah Lənkəranda 1568-69 cu illərdə olmuşdur. Lakin bu illəri Lənkəran şəhərinin salınma tarixi kimi gəbul etmək düzgün deyil.
Qədim zamanlardan Talış kimi tanınan bu yerlər Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Bu yerlərdə aparılan arxeoloji qazıntılar zamanı əldə edilən maddi-mədəniyyət abidələri tunc dövrünə , yə'ni e.ə. III-II minilliklərə aiddir. Azərbaycan ərazisində dövlətlər əmələ gəldiyi zaman Talış kiçik Midiya və yaxud Atropaten dövlətinin tərkibində idi.
Orta əsrlərdə Lənkəranın ən parlaq tarixi onun ərəb istilaçılarına qarşı apardığı qəhrəmanlıq mübarizəsi ilə əlaqədrdır. Lənkəranda olan Bəz(d)z qalası Babək hərəkatının bu yerlərdə də geniş vüsət almasını göstərir.Bu qala Xürrəmilərin əsas dayaq məntəqələrindən olmuşdur. Qalada tapılmış yerüstü materiallar 833-cü ildə Həmədan yaxınlığında məğlub edildikdən sonra Bizansa gedən Xürrəmi üsyançılarının sağ qalanlarının təzədən vətənə-Bəlləbura, Babəkin yanına qayıtmasına əsas verir.
Sonralar Lənkəran da bütün Azərbaycan kimi, səlcuqlar, Hülakilər və Teymurilərin hakimiyyəti altında olmuşdur. Həmdullah Qəzvininin verdiyi mə'lumata görə, XV əsrin 60- cı illərində Lənkəran(talış) əyaləti Azərbaycan Ağqoyunlu dövlətinin əyalətlərindən biri idi. XVI əsrin əvvəllərində Azərbaycan tarixində çox əhəmiyyətli bir hadisə baş verdi. Görkəmli siyasi xadim Şah Ismayıl Səfəvi dövlətini yaratdı. Lənkəran bu dövləti təşkil edən ərazilərdən biri idi. Lənkəran feodalları şahı həmişə müdafiə edirdilər, məhz bu da onların Səfəvi sarayındə yüksək nüfüz sahibi olmasına səbəb olmuşdu. Əyaləti həmin dövrdə şahın təsdiq etdiyi yerli hakimlər idarə edirdilər. Səfəvilər dövlətinin mövcüd olduğu dövrdə Lənkəran Azərbaycanın digər vilayətləri kimi həm iqtisadiyyat, həm də mədəniyyət sahəsində yüksək inkişaf dövrü keçmişdi. Lakin mərkəzdən uzaq yerləşdiyi üçün sonrakı dövrlərdə şah höküməti Lənkəranı Gilan vilayətinin tərkibinə daxil etdi.
Bu dövrdə ərazini idarə edən Əmir Həmzəni sıxışdırmaq üçün şah höküməti Lənkərana sərkərdə Sarı xanı göndərdi. O, əyalətdə bütün narazılıqların qarşısını alandan sonra şah əyaləti ona tiyul verdi. Sarı xan Astarada yaşasa da onun oğlanları Lənkəranda yaşamış və buradan ölkəni XVIII əsrin 20-ci illərinə kimi idarə etmişdilər.
XVIII əsrin 20-ci illərində Azərbaycanın Xəzərsahili vilayətləri , o cümlədən Lənkəranı da Rusiya işğalına məruz qaldı. 1726 -cı ildə çarizm müdafiə məqsədilə burada hərbi istehkam tikdirdi.Lakin ruslar burada çox qala bilmədilər. Rəşt müqaviləsinə görə Lənkəran yenidən Nadir şahın hakimiyyəti altına keçdi.
1747-ci ildə may ayının 9-da Nadir şah öldürüldükdən sonra Azərbaycanda xanlıqlar yaranmağa başladı. Bu dövrdə yaranan xanlıqlardan biri də Talış xanlığı idi. Xanlığın ərazisi demək olar ki, Azərbaycanın cənub şərq hissəsini əhatə edirdi. Sərhədləri şimaldan Bolqarçaya, şərqdən Kür çayının cənub axarı da daxil olmaqla Xəzər dənizinə , cənubdan və qərbdən Iran sərhədlərinə qədər bir ərazini əhatə edirdi. Lənkəran xanlığın paytaxtı idi. Talış xanları sülaləsinin banisi Səfəvi nəslinə mənsub Seyid Abbas olmuşdur. Iranda baş berən qarışıqlar zamanı Talışa gələn Seyid Abbas yerli feodallarla yaxınlıq etmiş, 1736-cı ildə Nadir şahın hakimiyyətini tanımış və sonralar oğlu Camalləddini onun xidmətinə göndərmiıdi. Nadir şah rəsmi fərmanla Seyid Abbassı Talışın nəsli hakimi elan etmişdi. Seyid Abbas öldükdən sonra (1747) həmin il onun yerinə Cəmaləddinkeçdi. Rəngi qara olduğu üçün ona Qara xan deyirdilər. Qara xan Talışın iqtisadi və siyasi qüdrətini möhkəmlətmək məqsədilə bir sıra tədbirlər heyata keçirdi; daimi goşun təşkil etdi. O zaman Talışda torpaq sahələrinin əksəriyyəti xan nəslindən olmayan yerli feodalların əlində idi. Qara xan həmin feodalların iqtisadi və siyasi qüdrətini qırmaq üçün mərkəzi hakimiyyətlə hesablaşmayanların torpaqlarını müsadirə etdi. Iran təhlükəsindən qorunmaq məqsədilə (1747-ci ildə) paytaxtı Astaradan Lənkərana köçürdü, geniş abadlıq işləri apardı. Bu tədbirlər şəhərin ticarət və mədəniyyət mərkəzinə çevrilməsinə şərait yaratdı.
Bu dövrdə Lənkəran Xəzər dənizi sahilində artıq əhəmiyyətli bir liman şəhərinə çevrilməkdə idi və Dərbənd, Niyazabad və Bakı şəhərləri ilə birlikdə Azərbaycanın həm daxili, həm də xarici ticarətində mühüm rol oynayırdı.Məhz bu səbəbdən Qara xan paytaxtı Astaradan Lənkərana köçürdü. Bu zaman Talış mahalına 6 nahiyyə: Lənkəran, Astara, Zuvand (indiki Lerik), Sebican (indiki Prişib), Verkəduz (indiki Yardımlı) və Biləsuvar daxil idi.
Qara xan Lənkərana müxtəlif yerlərdən sənətkar və ustalar gətirtmişdi. O, şəhərin qala divarlarını, xan sarayını , məscid , hamam, bazar , karvansaray inşa etdirdi. Bu dövrdə şəhərdə iki bazar var idi: Yuxarı (mərkəzi) və Aşağı bazar. Bu dövr tikililəri arasında gözəllik və memarlıq baxımından xan sarayı diqqəti daha çox cəlb edirdi. Iki mərtəbədən olan saray başdan başa şəbəkəli olub , rəngarəng şüşələrlə bəzədilmişdi.
Lənkəranın Xəzər dənizi vasitəsilə tranzit ticarətdə iştirak etməsi , onun iqtisadi bir mərkəz kimi təşəkkül tapmasında görkəmli rol oynamışdı.
Qara xan xarici siyasətdə Rusiyaya meyl göstərirdi. Bu, bəzi Iran hakimlərini, xüsusilə, gilanlı Hidayət xanı narahat edirdi. 1768-ci ildə Hidayət xan 12 min nəfərlik qoşunla Talışa soxuldu, Şindan galasına çəkilən Qara xan bir müddət müqavimət göstərsə də Hidayət xan çoxlu xarac alaraq Qara xanı azad etdi. Qara xan Gilan təcavüzünə qarşı yardım almaq məgsədilə qardaşı Kərbalayı Sultanı kiçik silahlı dəstə ilə Qubaya, Fətəli xanın hüzuruna göndərdi. 1785-ci ildə Lənkəran xanlığı Qubalı Fətəli xanın Azərbaycanın xeyli hissəsini birləşdirdiyi torpaqlarda qatıldı. Fətəli xan bütün Azərbaycan xanlıqlarını birləşdirib, güclü bir dövlət yaratmaq istəyirdi.1789-cu ildə Fətəli xnın ölümündən sonra xanlıq yenidən müstəqil siyasət yürütməyə başladı.
1786-cı ildə Qara xanın vəfatından sonra hakimiyyətə onun oğlu Mir Mustafa xan keçdi (1786-1814). Bu dövr xanlığ üçün çox ağır illər idi. Belə ki, xarici hücumlar əsasən də cənub sərhədlərindən ara vermək bilmirdi. 1794-cü ildə Azərbaycanın cənubunda hakimiyyətə gələn Ağa Məhəmməd şah Qacar, Iranda da öz mövqelərini möhkəmləndirdikdən sonra Cənubi Qafqaza hücüma başladı. O, bütün Azərbaycan xanlıqlarından ona tabe olmağı tələb edirdi. Lakin xanlıqların əksəriyyəti bu tələbi rədd etdi.Yaranmış vəziyyətdən istifadə edən Rusiya höküməti Qafqazda , xüsüsilə Azərbaycanda öz mövqelərinin gücləndirmək işini daha da sürətləndirməyə çalışırdı. Talış xanı Mir Mustafa xan Rusiya təbəəliyini qəbul etməyə hazır olduğunu bildirmişdi. 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın hücumu ərəfəsində Mir Mustafa xan Rusiyaya meyl göstərən Azərbaycan xanlarına məktub yazaraq Irana qarşı birgə mübarizə aparmağa hazır olduğunu bildirdi.Buna baxmayaraq Qacar öz qoşunlarını 1795-ci ildə həm Irəvan həm də Lənkəran istiqamətində Azərbaycana yeritdi. Mir Mustafa xan düşmənə müqavimət göstərmək iqtidarında olmadığından Lənkəran əhalisini Sarı adasına köçürüb müdafiə mövqeyi tutdu. Iran qoşunları getdikdən sonra Talışa qayıdan Mir Mustafa xan 1795-ci ilin sentyabrında öz nümayəndəsi Zaman bəyi Şimali Qafqaza, rus generalı Qudoviçin yanına, oktyabrda isə Kərbalayi Əsədulla bəyi Peterburqa göndərdi. 1796-cı il martın 12-də Kərbalayi Əsədulla bəy Talış xanlığının Rusiyanın himayesində qəbul edilmesi haqqinda Mir Mustafa xanın məktubunu II Yekaterinaya təqdim etdi.
Mir Mustafa xanın Rusiyanın himayəçiliyini qəbul etməsi , Xəzərdə üstünlüyü ələ keçirmək istəyən Rusiya üçün çox əhəmiyyətli idi. 1796- cı ildə II Yekatrinanın vəfatı ilə əlaqədar hakimiyyətə gələn I Pavel rus qoşunlarını geri çağırdı. Bundan istifadə edən Qacar yenidən Azərbaycana soxuldu. 1802-ci il dekabr ayının 26-da Georgiyevsk müqaviləsinə görə Talış xanı Rusiyanın ali himayəsinə qəbul olundu.
Iran şahı 1809-cu ildə Fərəculla xanın komandanlığı altında 2 min atlını Lənkərana göndərdi. Əhali Lənkəranı tərk edib, Sarı adasına köçdü. Bu Rusiyanı narahat etməyə bilməzdi. 1812-ci il dekabrın 31-dən 1813-cü il yanvarın 1-nə keçən gecə rus qoşunları Lənkərana daxil ola bildi.
1813- cü il sentyabrın 12-də Rusiya və Iran arasında Gülüstan müqaviləsi imzalandı. Bu müqavilə ilə Azərbaycanın iki hissəyə bölünməsinin əsası qoyuldu və Azərbaycan torpaqları iki işğalçı arasında bölüşdürüldü. Talış xanlığı bir çox digər xanlıqlar kimi Rusiyaya birləşdirildi.
1814-cü ildə general-mayor Mir Mustafa xan vərən xəstəliyindən vəfat edtikdən sonra onun yerinə oğlu Mirhəsən xan keçdi. Mirhəsən xan 1826-cı ildə vəfat etdikdən sonra Talış xanlığı ləğv edildi.
Talış xanlığı tarixi rol oynamış siyasi hakimiyyət idi. Bunu onun bir sıra qonşu xanlıqlarla, Rusiya ilə diplomatik əlaqəsi də göstərir.
XIX əsrin başlanğıcında Lənkəran şəhəri üç hissədən ibarət idi və şəhərin mərkəzi sayılan Qala divarlarına söykənirdi. Qalada Rusiya işğalından sonra hərbi qarnizon yerləşdirildi, bir sıra binalar kazarmalara, lazaretə və qaubaxta çevrilmişdi. XIX əsrin 30-cu illərində şəhərdə 441 ev və 440-a qədər təsərrüfat tikilisi vardı. XIX əsrin 50-ci illərində isə şəhərdə yaşayış evlərinin sayı 833-ə çatmışdı.
XIX əsrin sonlarında Lənkəranda küçələr neft çıraqları ilə işıqlandırılırdı. Içməli su ilə şəhər quyular və Lənkərançay hesabına təchiz edilirdi. Şəhərə su kəməri yalnız 1913-cü ildə çəkilmişdi.
Bu dövrdə əhalinin sayı da artmaqda idi. Lənkəranda bütün dövrlərdə kişilər qadınlardan 7-10 % çox olmuşdur. 1897-ci il məılumatına görə şəhər əhalisinin sayı 8733 nəfər idi. Burada yerli əhali ilə yanaşı ruslar, polyaklar, yəhudilər və başqa millətlərin nümayəndələri də yaşayırdılar.
1828-ci ildə Lənkəranda hərbi qarnizon rəisi başda olmaqla , iki zabit, çar hökümətinin rəğbətini qazanmış yerli bəylərdən iki nümayəndədən ibarət komendat üsul-idarəsi yaradıldı. 1840-cı il yanvarın 1-də xüsusi şəhər polis idarəsi yaradıldı. 1840-cı il aprelin 10-da komendant üsul idarəsi ləğv edildi. Lənkəran 1846-cı ildə bir qəza kimi əvvəlcə Şamaxı quberniyasının, 1859-da isə bakı quberniyasına daxil edildi.
XIX əsrin son rübü XX əsrin əvvəllərində Lənkəranda şəhər bələdiyyə idarəsi (Duması) yaradıldı.
Bu dövrdə şəhər iqtisadiyyatının əsas sahələrindən biri sənətkarlıq idi. Təbii xammal olan meşə materiallarının bolluğu burada bə'zi sənət və peşələrin xeyli əvvəllər meydana gəlib inkişaf etməsinə səbəb olmuşdu. 1877-ci ildə Lənkəranda 17 dərzi, 22 papaqçı, 9 çəkməçi, 13 dəmirçi, 3 sərrac, 25 çilingər, 26 kənd təsərrüfatı və məişət alətləri hazırlayan, 2 misgər , 5 bənna fəaliyyət göstərirdi. XIX əsrin 80-ci illərindən e'tibarən şəhərin iqtisadiyyatında balıqçılıq və meşə materialları istehsalı daha çox sənaye xarakteri alırdı.
Kənd təsərrüfatı məşğuliyyətləri içərisində çəltikçilik üstünlük təşkil eidrdi. Bununla yanaşı taxılçılq da inkişaf etməkdə idi.
XIX əsrdə Lənkəranda şəhərsalmanın planlaşdırılması işinə başlnılmışdı. 1833-cü ildə tərtib və təsdiq olunmuş Lənkəran qalası istehkamlarının baş planı bu işdə mühüm mərhələ idi. Şəhər mərkəzinda planlaşmanın təşkiledici elementi kimi məscid və 117 dükanlı iki bazar yerləşirdi.
XIX-XX əsrlərin qovşağında qala meydanı ərazisinin mənimsənilməsi sayəsində cənub və şimal bayır şəhərləri müəyyən qədər bütov olub, müxtəlif planlaşma quruluşu olan dörd tarixi bölgü yaranır. Bunlar Qala, Böyük bazar, Kiçik Bazar . Sütəmurdov idi.
Qala indiki B.Abbasov -MirMustafa xan küçələri və Lənkəran çayı sahili küçələri sərhəddində yerləşmişdi.
Böyük bazar indiki B.Abbasov küçəsi və cənub-qərbdən Lənkəran çayının sahili(qalayçılar) məhəlləsi ilə hüdudlanırdı. Böyük bazar öz növbəsində peşəsinə görə bir neçə kiçik məhəllədən ibarətdi: Çarıqçılar, Əhəngçilər, Tacirlər, Ağalar, Təndirçilər və s.
Kiçik bazar dəniz sahili boyu indiki Tofiq Ismayılov və Səttərxan küçələri arasında yerləşirdi. Bura qala meydanı və ona bitişik sərbəst planlı kvartalların şimal bayır şəjhəri daxil idi.Burada aşağıdakı məhəllələr var idi: Daş Körpü, Kərəcivanlar, Ipəkçilər və Forştat (almanca şəhərdən kənar deməkdir).
Sütəmurdov dəniz sahili boyunca əhatə edirdi. Burada əsasən gəlmə, vəzifəli ruslar və azərbaycanlılar yaşayırdı.Lənkəran XX əsrin əvvələrində Şuşa, şəki və Quba ilə müqayisədə həm inkişaf etmiş şəhər təsərrüfatına, həm də xüsusi abadlığıa görə seçilirdi. Lənkəran memarlıq baxımından çoxlu maraqlı yaşayış evləri və dini tikililər inşa edilməsinə baxmayaraq, Bakı quberniyasının ştatlı şəhəri sayılırdı.
1747-ci ildən Lənkəran Talış xanlığının mərkəzi şəhərinə cevrilmişdir. Münbit torpaqları, bol suyu və mülayim iqlimi olan Lənkəranda əhalinin ən qədim məşğuliyyəti əkincilik, maldarlıq, bağcılıq, balıqcılıq, ipəkçilik və arıçılıq olmuşdur. Lənkəranda dəmirçilik, misgərlik, dulusçuluq və başqa sənətlər geniş yayılmış, xanlığın iqtisadi inkişafında ticarət mühüm rol oynamış, İran, Türkiyə, Rusiya, Orta Asiya dövlətləri ilə, Cin, Pakistan, Hindistanla ticarət əlaqələri yaradılmışdır.