Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda Zəfər Günü təmtəraqlı konsert proqramı ilə qeyd olunub

08.11.2021

Masallı şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təmtəraqlı konsert proqramı keçirilib. Şəhər mərkəzindəki Qəhrəmanlar Parkında baş tutan musiqi tədbiri Masallı Rayon İcra Hakimiyyəti və Masallı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə ərsəyə gətirilib. Konsertdə yerli rəsmilər, şəhid ailəsi üzvləri, qazilər, ziyalılar, qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Proqram aparıcılarının təbrik nitqindən sonra incəsənət ustalarının çıxışlarına başlanılıb. Konsert ərzində Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin solistləri Atamoğlan Zahid, Miriş Hüseynov, Şamo İbayev, həmçinin tədbirdə qonaq qismində iştirak edən Əməkdar artist Səidə Şərifəliyeva, Xəyalə Qafarova və Nəzakət Veysəlovanın vətənpərvərlik məzmunlu, eləcə də bayram əhvalı bəxş edən musiqi ifaları tədbirə qatılanların böyük marağı ilə qarşılanıb.

"Halay" folklor Xalq kollektivinin və "Masallı" rəqs qrupunun çıxışları ilə konsert bayram abu-havasına bürünüb. Sənətçiləri rayon Mədəniyyət Mərkəzinin istedadlı musiqiçilərindən ibarət instrumental ansamblı müşayiət edib. Konsert proqramı atəşfəşanlıqla sona yetib.