Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəfər Gününə həsr olunmuş mədəniyyət tədbirləri davam etdirilir

06.11.2021

Noyabrın 6-da Cəlilabad rayon Sabirabad kənd Sənətkarlıq klubu və kənd kitabxana filialının əməkdaşlarının birgə təşkilatçılığı ilə "Qalibiyyətin mübarək, Azərbaycan!" başlığı altında bayram tədbiri təşkil olunub. Tədbirdə kənd Mədəniyyət Evinin kollektivi, kitabxana əməkdaşları, Vətən müharibəsi iştirakçıları, klubun dərnək üzvləri və məktəblilər iştirak edib.

İştirakçılar tərəfindən öncə Sabirabad kəndindən olan Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub. Şəhidlərin xatirəsi ehtiramla yad edilərək, ruhlarına dualar oxunub, məzarları üzərinə çiçək dəstələri qoyulub.

Sonra tədbir Sabirabad kənd klubunda davam etdirilib. Klubun müdiri Kəmalə Bağırova çıxış edərək, 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı qələbədən danışıb. Qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun rəşadəti, xalqımızın birliyi və həmrəyliyi qarşısında düşmən məğlub oldu.

Daha sonra Sabirabad kənd kitabxanasının kitabxanaçısı Heyran Abasova öz növbəsində bildirib ki, şanlı Zəfərimizin qazanılmasında həyatını qurban verən şəhidlərimizin xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır.

Tədbir müharibə iştirakçılarının çıxışları, dərnək üzvlərinin şanlı qələbəmizə, Müzəffər Ordumuza həsr olunmuş şeir ifaları ilə davam etdirilib.