Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadlı mədəniyyət işçiləri ”Hərbi Qənimətlər Parkı”nı ziyarət ediblər

06.11.2021

Noyabrın 6-da Cəlilabad rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə bir qrup gənc mədəniyyət işçiləri, şəhid ailələri, qazilər və rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Zəfər Günü ilə əlaqədar Bakı şəhərində salınmış "Hərbi Qənimətlər Parkı"nda olublar.

İlk öncə, Cəlilabad rayonunda ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub.

Sonra Bakı şəhərində Fəxri xiyabanda xalqımızın Ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarına gül dəstələri qoyulub, ruhlarına dualar oxunub, xatirələri hörmət və ehtiramla yad edilib.

Daha sonra heyət Şəhidlər xiyabanını ziyarət edib, vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki əbədi məşəl önünə və şəhid məzarlarına gül dəstələri qoyublar.

Mədəniyyət işçiləri paytaxtda açılmış Zəfər yarmarkasında da iştirak ediblər. Ardınca Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun tərəfindən ələ keçirilmiş hərbi qənimətlərə baxış keçirilib. Belə ki, heyət üzvləri ordumuzun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən götürülmüş hərbi avadanlıq və zirehli texnikanın bir qisminin və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin nümayişi məqsədilə yaradılmış "Hərbi Qənimətlər Parkı"nı qürur hissi ilə ziyarət ediblər. Sonda xatirə şəkilləri çəkilib.