Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərliyə ithaf olunmuş teatr kompozisiyası oynanılıb

06.11.2021

Masallı Xalq teatrında Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin əziz xatirəsinə ithaf olunmuş onlayn ədəbi-bədii kompozisiya oynanılıb. Yazıçı-publisist Nurəddin Ədiloğlunun dövri mətbuatda dərc olunmuş bioqrafik yazıları əsasında hazırlanmış tamaşa noyabrın 6-da səhnəyə qoyulub. "Zəfər bayrağı" adlı kompozisiyada teatrın kollektivi və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri səhnəni bölüşüblər.

Səhnə ifalarından əvvəl qəhrəmanın anası Ziba Əsgərli çıxış edərək kompozisiyanın hazırlanmasına əmək sərf etmiş yaradıcı kollektivə, eləcə də teatr və kollecin rəhbərliyinə minnətdarlıq edib. O, şəhid övladının xatirəsinə həsr olunmuş kompozisiyanın səhnələşdirilməsini qəhrəmana göstərilən dərin ehtiramın əlaməti kimi dəyərləndirib. N.Ədiloğlu isə müəllifi olduğu səhnə işinin məzmunu və hazırlanma prosesindən söz açıb.

Ədəbi-bədii kompozisiyada şəhid İntiqam Əsgərlinin obrazı canlandırılıb, həmçinin qəhrəmanın Şuşa uğrundakı döyüşlərdə göstərdiyi şücaət bədii-poetik formada tərənnüm olunub. Eyni zamanda, erməni əsgər və zabitlərinin xalqımıza qarşı törətdiyi cinayət aktları təsirli aktyor ifaları ilə səhnə həllini tapıb. Çıxışlar monoloq və şeir kompozisiyaları ilə müşayiət olunub.

Sosial şəbəkələr vasitəsilə canlı nümayiş etdirilən ədəbi-bədii kompozisiyanın quruluşçu rejissoru Cəmaləddin Əliyev, səhnə və musiqi tərtibatçıları isə Elsevər Əliyev və Ruslan Zahidovdur.