Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib

05.11.2021

Cəlilabad şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə konsert proqramı keçirilib. Yerli və qonaq sənətçilərin yer aldığı proqram bayram ovqatlı ifalarla yadda qalıb. Musiqi tədbirində rayon rəhbərliyi ilə yanaşı, digər yerli rəsmi şəxslər, şəhid ailəsi üzvləri, qazilər, idarə, müəssisə və təşkilat işçiləri, rayon sakinləri iştirak edib. Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və Aparat əməkdaşlarının da qatıldığı tədbirə rəsmilərin çıxışları ilə start verilib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov əlamətdar tarixi gün münasibətilə rayon əhlini, eləcə də tədbirə toplaşanları təbrik edib. O, Zəfəri ölkəmizin çoxəsrlik tarixinə yazılan şərəfli səhifə, qəhrəmanlıq salnaməsi kimi səciyyələndirərək düşmən üzərində qazanılmış böyük hərbi nailiyyətin iştirakçılarını sayğı və iftixarla xatırlayıb.

Sonra Birinci Qarabağ müharibəsi iştirakçıları və şəhid valideynləri çıxış edərək onlara dövlət başçısı səviyyəsində göstərilən qayğının təzahürlərindən söz açıb, diqqətə görə Ali Baş Komandan və yerli rəhbərliyə minnətdarlıq bildiriblər. Sonra rayon rəhbərliyi tərəfindən Cəlilabad rayonundan olan bir qrup Vətən müharibəsi iştirakçılarına medalları təqdim olunub. Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib.

Konsertdə Əməkdar artistlər Aybəniz Haşımova və Səidə Şərifəliyeva, yerli incəsənət ustalarından Miriş Hüseynov və Fərid Hacıyev zövqoxşayan musiqi kompozisiyaları ilə səhnəni bölüşüblər. Masallı rayon Mədəniyyət Mərkəzinin "Halay" folklor Xalq kollektivinin maraqlı rəqs ifaları da rəğbətlə qarşılanıb. Tədbirin sonunda isə Xalq artisti Mübariz Tağıyevin ifasında vətən mövzusuna həsr olunmuş musiqilər səsləndirilib. Konsert möhtəşəm atəşfəşanlıqla sona çatıb.