16.03.2018
2018-ci il martın 16-da Masallı Rayon İcra Hakimiyyətinin binası qarşısındakı geniş meydanda Novruz bayramına həsr olunmuş böyük bayram konserti keçirildi. Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ərazi nümayəndəliklərinin, turizm obyektlərinin xalq yaradıcılığını əks etdirən nümunələrdən təşkil etdikləri sərgiyə tamaşa edərək bütün iştirakçılarla bayramlaşdı.
Tədbir qaranquşların civiltisi ilə qara zurnanın və davulun sədaları altında Meydanbəyinin baharın gəlişini xəbər verməsi ilə başladı. Novruz tonqalını İcra başçısı alovlandırdıqdan sonra iştirakçıları bayram münasibəti ilə təbrik etdi. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə mədəniyyətimizin inkişafında xidmətləri olan Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Lətifə xanım Mövsümovanı təltif etdiyi “Tərəqqi” medalını Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov təqdim etdi.
Novruzun simvollarından olan “Bahar qız” bayram şeri ilə tamaşaçıları salamladı. Rayon idmanşıları meydanda öz məharətlərini nümayış etdirlilər. Pəhlivanlar xüsusi nömrələrlə çıxış etdilər.
Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin incəsənət kollektivləri, müğənnilər, “Halay” folklor qrupu, “Həcər” folklor qrupu, “Halay” veteranlar qrupu, “Nəvələr” uşaq qrupu, “Masallı” rəqs qrupu və digərləri bayram əhval-ruhiyyəli mahnı və rəqslərlə iştirakçılara bayram sevinci yaşatdılar.