Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon Mərkəzi Kitabxanasında ”Şəhidlik manifesti” kitabının təqdimatı keçirilib

01.11.2021

Noyabrın 1-də Masallı rayon Mərkəzi Kitabxanasında yazıçı-publisist Nurəddin Ədiloğlunun “Şəhidlik manifesti” kitabının təqdimatı keçirilib. Tədbirdə mədəniyyət işçiləri, ictimai birlik təmsilçiləri, ziyalılar və Vətən müharibəsi qaziləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Əlhəddin Nəzərov bildirib ki, “Şəhidlik manifesti” kitabı millət vəkili Məşhur Məmmədovun təşəbbüsü və maliyyə dəstəyi ilə nəşr olunub. Kitabxana əməkdaşları Rasif Dadaşov və Ağahüseyn Hüseyni isə vurğulayıblar ki, kitabda Vətən müharibəsində şəhid olmuş, Masallıda və ölkəmizin digər regionlarında boya-başa çatan, ruhən bu torpağa bağlı olan Azərbaycanın şəhid əsgər və zabitləri haqqında bədii-publisistik məqalələr daxil edilmişdir. Kitaba eyni zamanda, İkinci Dünya Müharibəsində iştirak edən və Birinci Qarabağ müharibəsində şəhid olmuş Masallı oğulları barədə məlumatlar salınmışdır.

Sonra İnsan Haqları və QHT-lərin İnkişafı Resurs Mərkəzi Cənub Regional Şöbəsinin sədri Tünzalə Qardaşova Vətən müharibəsində qazanılan tarixi Zəfərdə milli birlik və vətəndaş həmrəyliyinin mühüm rol oynadığını bildirib. Regional Şöbənin əməkdaşı Ələsgər Hüseynov təmsil olunduğu təşkilatın qazi və şəhid ailələrinə kömək məqsədilə gördüyü işlərdən danışıb. Vətən müharibəsinin könüllü iştirakçısı, qazi Cavid Nuri özünün keçdiyi döyüş yolundan, döyüşçü dostlarının, əsgər və zabitlərimizin misilsiz rəşadətindən söhbət açıb. Masallı şəhər 4 saylı tam orta məktəbinin tarix müəllimi Vüsalə Həsənova isə Vətən müharibəsində Azərbaycanın tarixi Zəfəri, şəhid və qazilər haqqında məlumatların daha geniş təbliğ olunmasının vacibliyini diqqətə çatdırıb.