Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən müharibəsinin ildönümünə həsr olunmuş növbəti tədbir keçirilib

29.10.2021

Oktyabrın 29-da Masallı rayon Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsinə həsr olunmuş növbəti tədbir keçirilib. Tədbirdə Mərkəzin əməkdaşları, Boradigah qəsəbə İ. Nağıyev adına 2 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin direktoru Dilbər İbayeva tədbiri giriş sözü ilə açaraq Azərbaycan Prezidenti İlham Əliyevin və rəşadətli əsgərlərimizin qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edilməsinin ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasını qoyduğunu diqqətə çatdırıb.

Sonra məktəbin təşkilatçı müavini Nuridə Qasımova müharibənin başlanması, gedişatı və nəticələrindən ətraflı bəhs edib. O qeyd edib ki, ordumuz tərəfindən cəbhədə qazanılan nailiyyətlər, o cümlədən Ermənistan silahlı birləşmələrinə endirilən sarsıdıcı zərbələr və azad edilən ərazilərlə Azərbaycanın qüdrəti və gücü bir daha bütün dünyaya nümayiş etdirilib.

Daha sonra tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Sonda “Qarabağ Azərbaycandır!” şüarı ilə işğaldan azad edilmiş rayonların xəritələri, azad olunma tarixləri, rayonların ərazisi, “Dəmir Yumruq” ifadəsi, həmçinin Müzəffər Ali Baş Komandanın döyüşlər zamanı səsləndirdiyi fikirlərdən sitatların yer verildiyi videoçarx göstərilib.