Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mərkəzi Kitabxanada ”Ədəbiyyatımızın böyük dayağı - Mirzə İbrahimov‎” adlı tədbir

28.10.2021

Oktyabrın 28-də Masallı rayon Mərkəzi Kitabxanasında yazıçı,‎ dramaturq‎ Mirzə İbrahimovun anadan olmasının 110 illiyi ilə əlaqədar “Ədəbiyyatımızın böyük dayağı - Mirzə İbrahimov‎” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Kitabxana direktoru Əlhəddin Nəzərov bildirib ki, görkəmli ədib Mirzə İbrahimov ədəbi-publisistik, elmi-nəzəri yaradıcılığı, eləcə də ictimai-siyasi fəaliyyəti ilə Azərbaycanın mədəni və ideoloji-siyasi həyatında silinməz izlər qoymuşdur.

Sonra Kitabxana əməkdaşı Ağahüseyn Hüseyni məruzə ilə çıxış edərək, M. İbrahimovun həyat və yaradıcılığı haqqında məlumat verib. Yazıçının ədəbi yaradıcılığının ilk nümunəsi olan “Qazılan buruq” adlı şeiri 1930-cu ildə “Aprel alovları” məcmuəsində dərc olunub. İlk şeirinin mətbuatda dərc olunması onu fərəhləndirib, elə həmin vaxtdan da ədəbi-bədii yaradıcılıqla böyük ilhamla məşğul olub. Qeyd olunub ki, görkəmli yazıçı 1941-ci ildə Cənubi Azərbaycanda “Vətən yolunda” qəzetində məsul redaktor vəzifəsində işləyib, “Həyat və ədəbiyyat”, “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə” və digər kitabları ilə ədəbiyyatımızı bir-birindən maraqlı əsərlərlə zənginləşdirib. Bundan sonra bir-birinin ardınca “Kəndçi qızı”, “Yaxşı adam” komediyalarını, yazıçı, dramaturq, doktor Nəriman Nərimanovun mübarizələr içində keçən həyatından bəhs edən “Közərən ocaqlar” dram əsərini də ictimaiyyətə təqdim edib. Diqqətə çatdırılıb ki, dünya ədəbiyyatı klassiklərinin əsərlərini ana dilimizə çevirmiş Xalq yazıçısı Mirzə İbrahimovun bugünədək aktuallığını itirməyən kitabları müxtəlif dillərə tərcümə olunaraq keçmiş Sovet İttifaqının hüdudlarından kənarda da oxunub, əsərləri əsasında bədii və sənədli filmlər çəkilib. O, həm də görkəmli ictimai xadim idi. Ən böyük amalı xalqına xidmət etmək olan M.İbrahimov, çoxşaxəli fəaliyyəti dövründə ana dilimizin saflığı uğrunda dönmədən mübarizə aparıb.