Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı şəhidlərindən bəhs edən ”Şəhidlik manifesti” kitabının təqdimatı keçirilib

27.10.2021

Oktyabrın 27-də Masallı şəhərində Vətən müharibəsi şəhidlərinin həyatı və döyüş yoluna işıq salan "Şəhidlər manifesti" kitabının təqdimat mərasimi keçirilib. Tanınmış yazıçı-publisist Nurəddin Ədiloğlunun yaradıcı əməyinin məhsulu olan bioqrafik əsərin təqdimatında rayon rəhbərliyi, millət vəkilləri, yerli rəsmilər, media mənsubları, ictimai birliklərin nümayəndələri və digər qonaqlar iştirak edib.

Masallı rayon Heydər Əliyev Mərkəzində təşkil edilən mərasimdə əvvəlcə vətənin bütövlüyü uğrunda canından keçmiş vətən övladlarının xatirəsi ehtiramla anılıb.

Mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Masallı şəhidlərinə həsr olunmuş kitabın nəşr olunmasını vətən oğullarına göstərilən yüksək ehtiramın nəticəsi kimi dəyərləndirib, kitabın dərc olunmasına göstərilmiş dəstəyə görə təşkilatçılara minnətdarlıq ifadə edib. Şəhidlərin xatirələr və qəlblərdə əbədi yaşayacağını vurğulayan rayon rəhbəri, şəhidlərın qısa, lakin qürur və ləyaqətlə yaşadıqlarını, vətən qarşısındakı xidmətləri ilə yeni tarix yazdıqlarını qeyd edib. Ş. Məmmədov Vətən müharibəsindəki tarixi Zəfərdən bəhs edərək, bir sıra dövlətlərin ölkəmizə qarşı məkrli plan və təxribatçı davranışlarından söz açıb, bu qəbildən olan yanaşmalara dövlət başçısı səviyyəsində adekvat reaksiyaların verildiyini bildirib. O, Zəfərin qazanılmasında dost dövətlərin rolunu qeyd edərək, qələbənin ilk növbədə əsgər və zabitlərimizin canı-qanı sayəsində qazanıldığını vurğulayıb.

Sonra çıxış edən əsərin müəllifi, millət vəkilləri, ictimai birliklərin təmsilçiləri və digərləri kitabın yazılmasının ictimai əhəmiyyətindən bəhs edib, nəşrin yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə töhfə verəcəyinə əminlik ifadə ediblər. Çıxışlarda həmçinin, postmüharibə dönəminin reallıqları, ölkə başçısının proseslərə təmkinli yanaşması və uğurlu siyasi-diplomatik rəhbərliyi, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri və digər mövzulardan söhbət açılıb.