Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Paralimpiya çempionu Vəli İsrafilov Masallıda təntənəli mərasimlə qarşılanıb

25.10.2021

Yaponiyanın paytaxtı Tokiyoda keçirilmiş XVI Yay Paralimpiya Oyunlarında üzgüçülük idman növü üzrə çempion tituluna yiyələnmiş, əslən Masallıdan olan Vəli İsrafilovun doğulduğu rayona səfəri təntənəli qarşılanma mərasimi ilə müşayiət olunub. Mərasimdə rayon rəhbərliyi, yerli icra hakimiyyəti orqanları, o cümlədən Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları və rayon sakinləri iştirak edib. Paralimpiya çempionu əvvəlcə rayonda bir sıra görüşlərdə iştirak edib, bir neçə mədəniyyət müəssisələrində olub, sonra o, Masallı Olimpiya İdman Kompleksinin qarşısında keçirilən konsert proqramına qatılıb.

Qonağın şərəfinə təşkil edilən konsert tədbirində Masallı rayon Mədəniyyət Mərkəzinin incəsənət ustalarından Miriş Hüseynov, Ruslan Zahidov və Şamo İbayev bir-birindən zövqlü musiqilər səsləndiriblər. Üzgüçü V. İsrafilovla yanaşı, valideynləri və digər qonaqların da iştirak etdiyi bədii proqram "Halay" folklor Xalq ansamblının milli rəqs ifaları ilə davam etdirilib.

Əlavə edək ki, V. İsrafilov Masallı rayonunun Köhnə Alvadı kəndində dünyaya göz açıb. O, bu yay keçirilmiş Paralimpiya Oyunlarında üzgüçülük üzrə turnirin ən yüksək mükafatına sahib çıxmaqla, indiyədək bu nailiyyəti əldə etmiş ən gənc üzgüçü kimi adını idman statistikasına yazdırıb.