Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda ”Qələbə ruhlu şəhidlərimiz” sərgisinin açılış mərasimi keçirilib

25.10.2021

Masallı Dövlət Rəsm Qalereyası və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə "Qələbə ruhlu şəhidlərimiz" başlığı altında təşkil edilən sərginin açılışı olub. Oktyabrın 25-də keçirilən açılış mərasimində Masallı şəhidlərinin portretlərindən ibarət rəsm əsərləri və maraqlı əl işləri, şəhid əşyaları sərgiyə çıxarılıb. Tədbirdə rayon rəhbərliyi, şəhid ailələri, ziyalılar, mədəniyyət işçiləri və digər ictimaiyyət nümayəndələri iştirak edib.

Vətənimizin bütövlüyü uğrunda həyatını qurban vermiş oğulların əziz xatirəsi ehtiramla yad edildikdən sonra tədbirin rəsmi hissəsinə başlanılıb.

Tədbirdə giriş nitqi ilə çıxış edən Muzeyin direktoru Əntiqə Tağıyeva ilk olaraq, layihənin məqsədlərindən söz açıb. Sonra sərgidə təmsil olunan fırça ustaları barədə məlumat verərək nümayiş etdirilən rəsm və əl işləri, eləcə də digər bədii komponentlər barədə mərasim iştirakçılarına məlumat verib. O, eyni zamanda rəhbərlik etdiyi müəssisə tərəfindən şəhidlərin ildönümü ilə əlaqədar keçirilən tədbirlər və digər görülmüş işlər barədə də danışıb.

Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edib. Rayon rəhbəri vətən uğrunda gedən döyüşlər zamanı əbədiyyətə qovuşan şəhidlərə Allahdan rəhmət, qazilərə isə şəfa diləyib. Başçı belə tədbirlərin keçirilməsini zəruri hesab edib, Qalereya və Muzeyin bu çərçivədəki fəaliyyətini xüsusi qeyd edib. O, ölkə rəhbərinin də müvafiq istiqamətlər üzrə xüsusi tapşırıqlarının olduğunu sərgi iştirakçılarına xatırladıb. Başçı Ş. Məmmədov həmçinin, şəhid ailələrinə göstərilən mənəvi və maddi dəstək tədbirlərindən bəhs edərək ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahədəki xidmətlərini xüsusi qeyd edib. Başçı Prezidentin son Qarabağ və Şərqi Zəngəzur səfərləri, azad olunan torpaqlarda aparılan quruculuq-bərpa işlərinə də toxunub, görülən məqsədyönlü tədbirlərə görə dövlət başçısını xalqına layiq lider kimi xarakterizə edib.

Çıxışlardan sonra sərgiyə baxış keçirilib. Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin rəssamlıq ixtisası üzrə müəllimi Ehtiram Məmmədov, istedadlı gənc rəssam Sevda Əliyeva və Qalereyanın direktoru vəzifəsini icra edən Təhmasib Məcidovun əsərləri, şəhidlərin şəxsi əşyaları, yeniyetmə və gənc istedadların əl işlərindən qurulmuş sərgi qonaqlar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, sərgi noyabr ayının 10-dək ziyarətçiləri qəbul edəcək.