22.10.2021
Oktyabrın 22-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində karantin rejiminin tələblərinə əməl olunmaqla Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş “Tarix yazan igidlərimiz” layihəsi çərçivəsində növbəti dəyirmi masa təşkil edilib. Tədbirdə mədəniyyət işçiləri, gənclər və Vətən müharibəsi qaziləri iştirak edib.
İlk öncə, vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən muzeyin direktoru Əntiqə Tağıyeva Vətən müharibəsi dövründə igidliyi ilə adını ölkəmizin tarixinə qəhrəman kimi əbədi həkk edən vətən oğullarına hər zaman sayğı duyduğunu, onların vətən qarşısındakı xidmətlərini yetişməkdə olan gənc nəslin nümayəndələrinə öyrətməyin vacib olduğunu qeyd edib. O, həmçinin nümunəvi xidməti ilə fərqlənən hərbçilərin həyat hekayəsi və şücaətli döyüş yolundan bəhs edən əsərlərin nəşr edilməsinin əhəmiyyətindən danışıb. Ə. Tağıyeva yazılacaq əsərləri igidliyi ilə ümumxalq sevgisi qazanan qəhrəmanların tarixi xidmətlərinə veriləcək yüksək dəyər kimi qiymətləndirib.
Sonra Vətən müharibəsi iştirakçıları Ceyhun Məmmədov, Ülvi Bağırov, Şahin Məmmədov, Elşən Aslanov, Rüfət Mövsümov və Orxan Quliyev öz cəhbə xatirələrindən söz açıblar. Qazilər dövlət tərəfindən onlara və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə ediblər.
Tədbirin sonunda xatirə fotoları çəkilib.