22.10.2021
Oktyabrın 22-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər Planına uyğun olaraq işğaldan azad olunmuş ərazilərin gənc nəslin nümayəndələrinə tanıdılması layihəsi çərçivəsində “Ana yurdum Cəbrayıl” adlı tədbir təşkil olunub. Tədbirdə Mərkəzin əməkdaşları və rayonun Köryədi kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.
İlk öncə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçılarını salamlayaraq sözə başlayan Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərlərinin göstərdiyi misilsiz şücaəti dilə gətirib, ordumuz tərəfindən işğaldan azad olunmuş ərazilərimizin tarixi simasının bərpası istiqamətində hazırda atılan addımlardan ətraflı bəhs edib.
Sonra çıxış edən Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Vətən müharibəsinin gedişatında işğaldan azad olunmuş Cəbrayıl rayonunun yaradılması, tarixi və coğrafiyası, eyni zamanda rayon ərazisində yerləşən sirli Xudafərin körpüsü haqqında maraqlı və əhatəli məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Çıxışlardan sonra mövzu ilə əlaqədar hazırlanmış videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda iştirakçılar Yardımlı şəhidlərinə həsr olunmuş guşə ilə tanış olublar.