Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Yalnız irəli!” ədəbi-bədii kompozisiyası Masallı Xalq teatrının səhnəsində

12.10.2021

Oktyabrın 12-də Masallı rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının səhnəsində Vətən müharibəsi və şəhidlərə ithaf olunmuş "Yalnız irəli!" adlı virtual ədəbi-bədii kompozisiya oynanılıb. Tanınmış mətbuat işçisi, jurnalist Akif Ağayevin qələminin məhsulu olan səhnə işi teatrın sənət ustaları və Masallı Dövlət Regional Kollecinin tələbələrinin tərəf-müqabilliyi ilə səhnə həyatına vəsiqə alıb.

Vətən müharibəsinin ilk ildönümü ilə əlaqədar hazırlanan onlayn teatr kompozisiyaları silsiləsindən olan budəfəki tamaşada Şuşa şəhəri və digər torpaqlarımızın azad olunması motivi ön plana çəkilib. Belə ki, kompozisiya işğal faktına birdəfəlik son qoyan və tarixi Zəfərlə yekunlaşan ordumuzun əks-hücum əməliyyatları, həmçinin bu əsnada əbədiyyətə qovuşan şəhid vətən oğullarının qəhrəmanlığından bəhs edib.

Teatrın rejissoru Cəmaləddin Əliyev ilk olaraq, geniş nitqlə kompozisiyanın mövzusu, ithaf olunduğu şəhidlər, əsərin müəllifi, quruluşu, eləcə də yaradıcı komanda üzvləri barədə arayış xarakterlı çıxış edib. Sonra səhnə heyətinin ifalarına başlanılıb.

Kompozisiya vətən torpaqlarının azad olunması uğrundakı döyüşlərdə şəhidlik məqamına yüksəlmiş igid həmvətənlərimizin hərbi rəşadətindən bəhs edən monoloqlar üzərində qurulub, eyni zamanda vətənsevərlik, intiqam, döyüşə çağırış ruhlu şeir parçaları səsləndirilib. Ədəbi-bədii kompozisiyada həmçinin, rayonun Viləş kəndindən olan iki şəhid anası Ziba Əsgərlinin obrazı canlandırılıb. Belə ki, əsərin finalında səhnəyə qədəm qoyan şəhidlər anası, vətən övladlarına xitab edib, onlara öyüd verərək vətəni sevməyə və qorumağa çağırıb.

Qeyd edək ki, ədəbi-bədii kompozisiya sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.