Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlı rayonunda “Unudulmazlar” adlı tədbir keçirilib.

05.10.2021

Oktyabrın 5-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində əslən Yardımlı rayonunun Kürəkçi kəndindən olan Vətən Müharibəsi Qəhrəmanı Elçin Mansurova həsr olunmuş “Unudulmazlar” adlı tədbir təşkil olunub. Tədbirdə Mərkəzin əməkdaşları, Yardımlı rayon Peşə Məktəbinin nümayəndəsi, rayonun bir sıra ümumtəhsil məktəblərinin müəllim və şagirdləri və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yardımlı nümayəndəliyinin üzvləri iştirak edib.

İlk olaraq, müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayan Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi şücaətdən söz açıb, otuzillik həsrətin 44 gün kimi qısa müddətə son qoyulmasının qürurverici amil olduğunu qeyd edib. Zəfərimizin memarları olan şəhidlərimizin daima anılmasının vətəndaşlıq borcu olduğunu deyən A. Ağayev, sonda şəhidlərimizin ruhuna ehtiramını ifadə edib

Mərkəzin əməkdaşı Elşən Abışov və peşə təhsili müəssisəsinin direktoru Qabil Ağayev Azərbaycan gənclərinin yüksək vətənpərvərliyindən danışıblar. Mərkəzin digər əməkdaşı Zeynəb Məmmədzadə isə Vətən Müharibəsi Qəhrəmanı Elçin Mansurovun həyatı və döyüş yolundan bəhs edən məruzə ilə çıxış edib.

Sonda Elçin Mansurov haqqında hazırlanmış videoçarx tədbir iştirakçılarına təqdim olunub.