03.10.2021
Cəlilabad rayon Privolnoye kənd kitabxana filialı və kənd Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə 3 oktyabr - Suqovuşan qəsəbəsinin azad olunmasının bir ili münasibətilə "Azad yurdum" adlı tədbir keçirilib. Tədbirdə məktəblilər iştirak edib.
İlk olaraq, 44 günlük Vətən müharibəsi zamanı şəhadətə ucalmış oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən kitabxanaçı Şəfəq Məmmədova qeyd edib ki, Suqovuşan hazırda Tərtər rayonunun kəndlərindən biridir. Bu kənd 1923-cü ildə təşkil edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonunun inzibati ərazisinə daxil edilib. 1942-ci ildə isə Suqovuşana şəhər tipli qəsəbə statusu verilib.
Sonra kənd Mədəniyyət Evinin əməkdaşı Təranə Musayeva bildirib ki, Suqovuşan 90-cı illərin əvvəllərində Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Daha sonra 1994-cü ilin aprel ayında Ermənistan tərəfindən yenidən işğal edilib və adı dəyişdirilərək Madagiz qoyulub. Lakin qəsəbə uzun işğal dönəmindən sonra 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə tarixi adı bərpa edilərək Suqovuşan adlandırılıb.
Tədbirin sonunda məktəblilərin ifasında vətənpərvərlik şeirləri oxunub, eyni zamanda azad olunan torpaqlarımıza həsr olunmuş videomateriallar nümayiş etdirilib.