27.09.2021
Masallı Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 27 Sentyabr - Azərbaycan Respublikasında Anım Gününə həsr olunmuş “Dəmir Yumruq” adlı dəyirmi masa keçirilib. Sentyabrın 27-də rayon Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə İdarə rəhbərliyi, şəhid ailələri, müharibə iştirakçıları və ziyalılar iştirak edib.
Tədbirdən öncə, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov başda şəhid anaları olmaqla, dəyirmi masada iştirak edən müharibə iştirakçıları və digər qonaqları salamlayıb. O, vətən uğrunda canından keçmiş hər bir şəhidin əziz, xatirəsinin əbədi və unudulmaz olduğunu nəzərə çatdırıb. İdarə rəisi sonra ölkəmizin düşmənlə apardığı haqq savaşında qazandığı tarixi Zəfərdən bəhs edib, döyüşlər zamanı xalqımızın birlik və bərabərliyinin qələbədəki önəmini vurğulayıb
Sonra Mərkəzin direktoru Dilbər İbayeva çıxış edərək ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla hər bir vətəndaşın qürur duyduğunu, müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə əbədi yaşayacağını qeyd edib.
Daha sonra çıxış edən şəhid valideynləri övladlarının həyatı və şərəfli döyüş yolundan bəhs edən hekayələri dilə gətirib, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işləri müsbət qiymətləndiriblər. Müharibə iştirakçıları isə dövlət başçısı tərəfindən əhatə olunduqları qayğı və diqqətdən söz açıb, göstərilən maddi və mənəvi dəstəyə görə ölkə rəhbərliyinə minnətdarlıq ediblər.