Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yarımçıq xatirələr” filmi nümayiş olunub.

23.09.2021

Sentyabrın 23-də Masallı rayon Heydər Əliyev Mərkəzində karantin rejiminin tələblərinə riayət olunmaqla “Yarımçıq xatirələr” filmi nümayiş olunub.

Filmin nümayişinə başlamazdan öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva qonaqları salamlayaraq bildirib ki, son illərdə “Azərbaycanfilm” kinostudiyasında Qarabağ mövzusunda bir sıra filmlər lentə alınıb və bu filmlərin gənclər arasında təbliği böyük əhəmiyyət kəsb edir. Qeyd olunub ki, ekran əsəri Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyini əks etdirir. D. İbayeva qeyd edib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilmiş torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb.

Çıxışdan sonra film Mərkəzin əməkdaşları ilə birlikdə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin gənc könüllüləri üçün nümayiş olunub. Maraqlı süjet xəttinə malik olan ekran əsəri gənclər tərəfindən rəğbətlə qarşılanıb.