15.09.2021
Sentyabrın 15-də Masallı rayon Mərkəzi Kitabxanasında 15 sentyabr - Azərbaycanda Bilik Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə çıxış edən Kitabxananın direktoru Əlhəddin Nəzərov Azərbaycanda 15 sentyabr tarixinin hər il Bilik Günü kimi qeyd olunduğunu və bu tarixin 2004-cü ilədək sentyabrın 1-nə təsadüf etdiyini bildirib. O, vurğulayıb ki, Prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli Fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə bəhs olunan tarix ölkədə hər il bilik günü kimi qeyd olunur. Ə. Nəzərov çıxışında bilik gününün məktəb həyatına qədəm basan birincilər üçün səbirsizliklə, sevinc və həyəcanla gözlənilən, xüsusi qayğı və məmnuniyyətlə, təntənəli şəkildə qarşılanacaq bir gün olmasından söz açıb. Onlar əlifba ilə tanış olub, kitablar oxuyub, şeirlər əzbərləyəcək və beləcə, ilk zəngin sədası ilə yeni - məktəb həyatına qədəm qoyacaqlar.
Sonra Kitabxana əməkdaşı Ağahüseyn Hüseyni məruzə ilə çıxış edərək müəllim əməyinin nəticəsində formalaşan cəmiyyətdə savadlı, bilikli, geniş dünya görüşlü, nümunəvi əxlaqa malik insanlar yetişdiyini bildirib. Qeyd olunub ki, bu insanlar cəmiyyəti daha da inkişaf etdirirlər. Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Əlavə olunub ki, ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri məktəb inşasının geniş vüsət almasıdır. Son illər ölkəmizdə bir-birindən yaraşıqlı, müasir tələblərə cavab verən təhsil müəssisələrinin tikilib istifadəyə verilməsi deyilənlərə bariz nümunədir.