12.08.2021
Avqustun 12-də Yardımlı Rayon Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) Yardımlı nümayəndəliyinin birgə təşkilatçılığı ilə söz ustadı Aşıq Ələsgərin 200 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Mərkəzin əməkdaşları, şəhər 1 saylı tam orta məktəbinin müəllimi Fərid Bəyalızadə, rayon Mərkəzi Kitabxanasının şöbə müdiri Gündüz Manafov, GİKM-in direktoru vəzifəsini icra edən Səfail İbişli və gənc könüllülər iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayaraq sözə başlayan Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev ustad aşığın yaradıcılığı barədə tədbir iştirakçılarına məlumat verib. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə söz ustadının yubileylərinin təntənəli şəkildə qeyd olunduğunu deyən A. Ağayev, eyni xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Əlavə olunub ki, dövlət başçısının 18 fevral 2021-ci il tarixli Sərəncamı ilə Aşıq Ələsgərin 200 illiyinin dövlət səviyyəsində qeyd olunması ölkə mədəniyyətinə verilən yüksək qiymətin bariz təzahürüdür.
Tədbirdə çıxış edən şəhər 1 saylı tam orta məktəbinin müəllimi F. Bəyalızadə ustad söz sənətkarının möhtəşəm ədəbi yaradıcılığı barədə ətraflı söz açıb, həmçinin aşığın müxtəlif mövzulardan bəhs edən qoşmalarından nümunələr səsləndirib.
Daha sonra çıxış edən G. Manafov sənətkarın lirik qoşmaları, o cümlədən yüksək mənəvi dəyərləri, təbiəti tərənnüm edən misralarından parçalar oxuyub, Aşıq Ələsgər yaradıcılığının özünəməxsusluq və bənzərsizliyindən söhbət açıb.
Sonda tədbirin qonaqları Mərkəzin əməkdaşlarının müşayiəti ilə Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.