06.08.2021
Avqust ayının 6-da Masallı Rayon Mərkəzi Kitabxanasında tanınmış yazıçı və jurnalist Gülsüm Adilqızının Vətən müharibəsi şəhidləri haqqında yazdığı kitablarının təqdimatı və şəhid anası Ziba Əsgərli ilə görüş keçirilib.
İlk öncə, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra kitabxananın direktoru Əlhəddin Nəzərov yazıçı Gülsüm Adilqızını tədbir iştirakçılarına təqdim edərək, xanım nasirin Vətən müharibəsi və şəhid döyüşçülər haqqındakı silsilə kitabları barədə məlumat verib. Qeyd olunub ki, sözügedən nəşrlər müəllifin gərgin əmək və araşdırmalarının, yaradıcılıq axtarışlarının nəticəsidir.
Gülsüm Adilqızı çıxışında 44 günlük Vətən müharibəsi qəhrəmanlarının şücaətindən, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü, uzaqgörən, qətiyyətli siyasəti və çevik qərarları nəticəsində işğal altında olmuş torpaqlarımızın azad olunmasından danışıb.
Tədbirə onlayn vasitələrin köməyi ilə qatılan şair-publisist Sultan Oruclu redaktoru olduğu kitab haqda maraqlı fikirlərini, təəssüratlarını bölüşüb.
Qeyd edək ki, G.Adilqızının oxuculara təqdim etdiyi sonuncu kitabda rayonun Viləş kəndindən olan şəhid qardaşlar - Aprel döyüşlərində şücaət göstərmiş Nurlan Əsgərli və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli haqqında geniş yazı verilib.
Tədbir sonunda şəhidlərə həsr olunmuş sərginin önündə xatirə şəkilləri çəkilib.