02.08.2021
Avqust ayının 2-də R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Tovuz döyüşləri zamanı şəhid olmuş igid oğullarımızın xatirəsinin yad olunması məqsədilə 27 iyun tarixində açılmış “Unudulmaz tarix” adlı sərginin bağlanış mərasimi keçirilib. Karantin qaydalarına uyğun keçirilən tədbirdə mədəniyyət işçiləri, Masallı Regional ASAN Xidmət Mərkəzinin könüllüləri, şəhid anası Ziba Əsgərli və jurnalist Gülsüm Adilqızı iştirak edib.
İlk öncə, torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra muzeyin direktoru Əntiqə Tağıyeva tədbir iştirakcılarını salamlayaraq sərgi haqqında məlumat verib. Bildirilib ki, ötən il baş vermiş Tovuz döyüşlərində qəhrəmanlıq salnaməsi yazaraq mərdlik göstərən igidlərimiz sayəsində düşmən təxribatları dəf edildi. Bununla da, Qarabağda qazandığımız tarixi qələbənin əsası qoyuldu. Qeyd olunub ki, hərbi-vətənpərvərlik mövzusunda sərgilərin nümayiş olunması şəhidlərin ruhuna və qazilərə göstərilən ehtiramdan irəli gəlir. Həmçinin qeyd olunub ki, igid oğullarımızın səngərdə göstərdikləri qəhrəmanlığın tarixdə əbədi olaraq yaşadılmasına çalışmaq hər bir ölkə vətəndaşı üçün mənəvi borcdur.
Sonra rəssam Sevda Əliyeva çıxış edib. O, Polad Həşimovun portretini yaradarkən yaşadığı kədərli anları tədbir iştirakçıları ilə bölüşüb. Şəhid anası Ziba Əsgərli və jurnalist Gülsüm Adilqızı şəhid vətən oğulları ilə qürur duyduqlarını deyiblər. Vurğulanıb ki, övladlarımızın atdığı addım, getdikləri şərəfli yol bizim üçün müqəddəsdir. Masallı Rayon Mərkəzi Kitabxanasının direktoru Əlhəddin Nəzərov isə ordumuzun Vətən müharibəsindəki qəhrəmanlıqlarından söz açıb.
Tədbirin sonunda sərgidə əsərləri ilə iştirak etdiklərinə görə rəssamlar Ehtiram Məmmədov və S. Əliyeva Muzeyin "Fəxri Fərman"ı ilə təltif edilib. Jurnalist G. Adilqızı şəhidlərin xatirəsinə ithaf etdiyi “Murad ömrü”, ”Şəhidlik zirvəsinin fatehləri” və “Vətən salnaməsinin qəhrəmanları” adlı kitablarını Muzeyə hədiyyə edib.
Tədbir iştirakçıları sonda xatirə fotoları çəkdiriblər.