30.07.2021
İyul ayının 30-da Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrında Vətən müharibəsi şəhidlərinə ithaf olunmuş virtual ədəbi-bədii kompozisiya səhnələşdirilib. "Haray" adlı kompozisiya teatrın səhnə kollektivi və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin birgə əməyi ilə ərsəyə gətirilib.
Ədəbi-bədii kompozisiyada tələbələr Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksəlmiş İbrahim Rükabzadə, İbrahim Lələyev, Sübhan Həsənov, Ramazan Vəliyev və Rafael Hüseynovun həyatı və şərəfli döyüş yoluna işıq tutan bədii-dramatik üslubda monoloqlar deyiblər. Teatrın rejissoru Cəmaləddin Əliyev və aktrisa Aybəniz Həsənova yaratdıqları obraz və təsirli ifalarla səhnəni bölüşüblər. Virtual səhnə işində həmçinin, tələbə və məktəblilər tərəfindən vətənpərvərlik ruhlu şeir kompozisiyaları səsləndirilib, tanınmış sənətçi Teymur Gözəlovun ifasında şəhidlərə həsr olunmuş həzin musiqi parçası oxunub.
Ədəbi-bədii kompozisiyanın quruluşçu rejissoru C. Əliyev, musiqi və səhnə tərtibatçıları müvafiq olaraq Ruslan Zahidov və Elsevər Əliyevdir.
Kompozisiya sosial şəbəkələr vasitəsilə canlı nümayiş olunub.