23.07.2021
İyulun 23-də Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Mərkəzdə keçirilən “Açıq qapı” günləri çərçivəsində tədbir keçirilib. Tədbirdə mətbuat sahəsində çoxillik təcrübəyə malik jurnalistlər Fikrət Şahbazlı və Əlövsət Babayev iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayaraq sözə başlayan Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev 22 İyul - Milli Mətbuat Gününün təsis olunmasının tarixi, Ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra ölkədə müvafiq sahəyə olan dövlət qayğısı və bununla əlaqədar olaraq mətbuatın dirçəlişi, həmçinin Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Açıq qapı“ günlərinin keçirilməsi barədə danışıb və sözügedən təşəbbüsün media nümayəndələrinə göstərilən diqqətin təzahürü olduğunu bildirib.
Sonra uzun illər ərzində müxtəlif mətbu orqanlarda çalışmış jurnalist Əlövsət Babayev, mətbuat sahəsinin incəlikləri, şərəfli və vicdanlı peşə kimi jurnalistikanın ictimai əhəmiyyəti haqda fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Daha sonra çıxış edən Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə milli mətbuatımızın təməl daşı - “Əkinçi“ qəzetinin Azərbaycan mətbuatı tarixindəki yeri barədə söhbət açıb. Bildirilib ki, əsası görkəmli maarifçi Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, nəşri 1875-1877-ci illəri əhatə edərək cəmi 56 sayı çapdan çıxmış "Əkinçi"nin toxunduğu ictimai əhəmiyyətli mövzularla Qafqazda geniş şöhrət qazanmış, dövrünün tanınmış ziyalıları ilə əməkdaşlıq etmişdir.
Çıxışlardan sonra rayon mətbuatının qocaman qələm sahiblərindən olan Əlövsət Babayev Mərkəz rəhbərliyi tərəfindən “Təşəkkürnamə” və qiymətli hədiyyələrlə təltif edilib.
Tədbirin sonunda tədbirin qonaqları əməkdaşların müşayiəti ilə Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyətini əks etdirən eksponatlarla və dahi mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olublar.