Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid mayor Anar Novruzova ithaf olunmuş ədəbi-bədii kompozisiya səhnələşdirilib.

13.07.2021


İyulun 13-də Masallı Xalq teatrında Tovuz döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş mayor Anar Novruzova ithaf edilmiş virtual ədəbi-bədii kompozisiya səhnələşdirilib. “Qəhrəmanlıq qalası” adlı səhnə işində teatrın üzvləri və Masallı Dövlət Regional Kollecinin tələbələri rolları ifa ediblər.
Teatrın rejissoru Cəmaləddin Əliyev tədbirin əvvəlində ötən ilin iyul ayında Tovuz rayonu istiqamətindəki qanlı döyüşlər zamanı şəhidlik mərtəbəsinə yüksəlmiş vətən övladlarının qəhrəmanlığı barədə danışıb, həmçinin vətən sevgisi və şücaəti ilə vətənpərvərlik rəmzinə çevrilmiş igid oğulların mübarizliyinin xalqımızda birlik və həmrəylik ruhunun yüksəlməsinə, tarixi zəfərlə nəticələnən sonrakı hərbi-siyasi proseslərə təsirindən bəhs edib. Sonra aktyorların ifalarına ver verilib.
Ədəbi-bədii kompozisiyada aktrisa Aybəniz Həsənova övladını vətən yolunda şəhid vermiş məğrur və nikbin ana obrazını məharətlə canlandırıb. Eyni zamanda, kollec tələbələri şəhidlik məqamı, vətən sevgisi, azadlıq, birlik, həmrəylik kimi ülvi mənəvi və milli dəyərləri ifadə edən şeirlər səsləndiriblər. Tamaşada Masallı Şəhər Onbirillik İncəsənət Məktəbinin şagirdi Yusif Əzizli “Vətən yaxşıdır” musiqi kompozisiyasını ifa edib.
Virtual tamaşanın rejissoru C. Əliyev, səhnə tərtibatçısı Elsevər Əliyev, musiqi tərtibatçısı isə Ruslan Zahidovdur. Kompozisiyada musiqiləri Atamoğlan Zahid səsləndirib.
Ədəbi-bədii kompozisiya sosial şəbəkələr vasitəsilə canlı nümayiş olunub.