08.07.2021
İyulun 8-də Yardımlı Rayon Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) Yardımlı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” ilə əlaqədar növbəti tədbir keçirilib. Tədbirdə Mərkəzin rəhbərliyi və əməkdaşları, GİKM-in Yardımlı nümayəndəliyinin direktoru vəzifəsini icra edən Səfail İbişli, gənc könüllülər, rayonun Köryədi kənd tam orta məktəbinin müəllimi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev 2021-ci ilin “Nizami Gəncəvi İli“ elan edilməsini Azərbaycan ədəbiyyatı və mədəniyyətinə verilən əvəzsiz töhfə olduğunu, Nizami Gəncəvi yaradıcılığının məzmun dərinliyini, əsərlərinin və söylədiyi hikmətli kəlamların aktuallığını bugünədək qoruduğunu deyib. A. Ağayev həmçinin, Azərbaycan ədəbiyyatının ən parlaq nümayəndəsi, dünyaya doğan günəş adlandırılan Nizami Gəncəvinin ölkəmiz üçün ədəbi-mədəni dəyəri barədə söhbət açıb.
Daha sonra tədbirdə iştirak edən Azərbaycan dili və ədəbiyyat müəllimi Qismət İbayev çıxışında dahi şairin əsərlərini ədəbiyyat xəzinəsi adlandırıb, şairi təkcə Azərbaycanın deyil, bütövlükdə dünya ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olduğunu deyib.
Çıxışlardan sonra Mərkəzin 3D kinozalında “Nizami“ filmi nümayiş etdirilib.
Sonda tədbir iştirakçıları Mərkəzin əməkdaşı Tural Kərimovun müşayiəti ilə Mərkəzdə təşkil olunmuş sərgi ilə tanış olublar.