24.06.2021
İyun ayının 24-də karantin qaydaları gözlənilməklə Masallı Rayon Heydər Əliyev Mərkəzində 26 iyun Silahlı Qüvvələr Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı, rayon Tarix-Diyarşünaslıq Muzeyi və Boradigah kənd tam orta məktəbinin əməkdaşlarının iştirakı ilə “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda tədbir keçirilib.
İlk öncə, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva qonaqları salamlayaraq qeyd edib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra onun müstəqil dövlət quruculuğu istiqamətində tarixi xidmətlərindən biri də Azərbaycan Silahlı Qüvvələrini ağır böhranlı vəziyyətdən çıxarması və ölkədə müasir ordu formalaşdırılmasının əsasını qoyması oldu. D. İbayeva çıxışının davamında bildirib ki, Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi liseyi təşkil etdi. Ötən illər ərzində minlərlə gənc bu məktəbi bitirərək ali hərbi məktəblərə daxil olmuş və böyük ordu həyatına vəsiqə almışlar.
Daha sonra söz Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadəyə verilib. G. Vəkilzadə Ulu öndər Heydər Əliyevin fikirləri ilə çıxışına başlayıb: “Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının milli ordusu – respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır!” O, təqdimatla çıxışını davam etdirərək bildirib ki, bu fikirin məntiqi nəticəsi kimi, 2020-ci ilin 27 sentyabrından 10 noyabr tarixinədək davam edən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı, ölkənin ərazi bütövlüyü bərpa edildi! Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətərindən biridir. Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla Azərbaycan korpusunun yaradıldığı gün – iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilmişdir.