23.06.2021
İyunun 23-də İdarə rəisi Bəxtiyar Qılıncov Cəlilabad rayonuna səfəri zamanı rayonun bir sıra kəndində şəhid ailələri ilə görüşüb.
İdarə rəisi ilk olaraq rayonun Ocaqçı kəndində şəhid Səyyad Əyyar oğlu Ağahüseynovun ailəsinə baş çəkib. Rəis sonra Qarazəncir kəndi və Göytəpə şəhərində şəhid Araz Səmədağa oğlu Cəfərov və Əlikram Qabil oğlu Xanışovun ailələrini ziyarət edib.
İdarə rəisi ailə üzvləri ilə görüşləri zamanı torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş igid vətən oğullarının xatirəsi qəlblərdə və yaddaşlarda əbədi olaraq yaşayacağını, şəhidlərin doğma vətənə və dövlətə sədaqəti, ali məqsəd uğrunda göstərdikləri rəşadət nümunəsi ilə gənc nəsillərə daim örnək olacaqlarını deyib.
Rəis görüşlər zamanı ailələrin sosial qayğıları ilə maraqlanıb, mövcud problemlərin yoluna qoyulması ilə bağlı mümkün addımların atılacağını valideynlərin nəzərinə çatdırıb.
Rəis Cəlilabad rayonuna səfəri çərçivəsində bir neçə yerli mədəniyyət müəssisələrinə də baxış keçirib. Belə ki, rəis Privolnoye kənd Mədəniyyət evi və kənd kitabxanasının inzibati binasının texniki vəziyyəti, inventar və lazımi avadanlıqlarla təminat, kitab fondu və digər məsələlərlə yaxından tanış olub, çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq göstərişlər verib.