18.06.2021
İyun ayının 18-də karantin qaydaları gözlənilməklə Masallı Rayon Heydər Əliyev Mərkəzində Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar rayon Tarix-Diyarşünaslıq Muzeyi və şəhər Onbirillik İncəsənət Məktəbinin əməkdaşlarının iştirakı ilə “Aşıq Ələsgərin saz-söz dünyası” mövzusunda tədbir keçirilib.
İlk öncə, şəhidlərimizin və ustad sənətkar Aşıq Ələsgərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva qonaqları salamlayaraq qeyd edib ki, Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgər aşıq poeziyası klassiklərinin ənənələrini davam və inkişaf etdirərək, qoşma, gəraylı və təcnisləri, eləcə də yaratdığı yeni aşıq şeiri janrlarından ibarət bədii irsi ilə şifahi söz sənətimizi zənginləşdirmiş, yüksək zirvəyə qaldırmışdır. D. İbayeva çıxışının davamında bildirib ki, Aşıq Ələsgər təhsil almasa da, el şənlikləri onun üçün məktəb rolunu oynamışdır. Uşaq yaşlarından saza, sözə məhəbbət bəsləmiş, el məclislərində aşıqlardan eşitdiklərini güclü yaddaşına həkk etmiş, onları istənilən anda söyləmək bacarığı ilə hamını heyrətləndirmişdir.
Daha sonra söz Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadəyə verilib. O, Aşıq Ələsgərin yaradıcılığından söz açıb. Qeyd edilib ki, sazın, sözün böyük ustadı Aşıq Ələsgərin yaradıcılığı zəngin və çoxcəhətlidir. Aşığın bədahətən şeir dediyi əsas məkanlar elin toy, şənlik məclisləri, çeşmə başı, yaylaqlar olub. Məhəbbət mövzusunda yazılmış “Dönübdü”, “Gedibdi”, “Öldürür” qoşmalarının əsas motivini lirik qəhrəmanın sevgilisinin gözəlliyinə heyranlıqla, saf, təmiz sevgi hisləri ilə yanaşı, ayrılığın doğurduğu duyğulardan, düşüncələr təşkil edir. Bu şeirlərdə ilk məhəbbətin uğursuzluğunun lirik qəhrəmanda doğurduğu kədər, ah, nalə, göz yaşı təbii və təsirli dillə əks olunur. Aşıq Ələsgərin yaradıcılığında dinləyicilərə əxlaqi nəsihətlər, mənəvi dəyərlər aşılayan şeirlər-ustadnamələr mühüm yer tutur. Aşığın əxlaqi-tərbiyəvi mövzuda deyilmiş “Olmaz”, Gərəkdi” şeirləri xalq müdrikliyini, sənətkarın böyük həyat təcrübəsini əks etdirir. Çıxışının sonunda G. Vəkilzadə, əsərlərdə atalar sözləri, məsəllərdən istifadə edən aşığın “namərd”, “nakəs”, “müxənnət” insanların şər təbiətini ifşa etdiyini, dinləyicini mərdliyə, saflığa, düzlüyə, namuslu olmağa səslədiyini qeyd edib.
Tədbir çərçivəsində rayon Heydər Əliyev Mərkəzinin gənc könüllülərinin ifasında və gənc saz ifaçısı Anar İmanovun müşayiəti ilə Aşıq Ələsgərin qoşmalarından ibarət kompozisiya təqdim edilib.
Sonda tədbir iştirakçıları ilə xatirə fotoları çəkilib.