18.06.2021
İyunun 18-də karantin qaydaları gözlənilməklə narkomaniyaya qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı çərçivəsində Masallı Rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Masallı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva və əməkdaşlar, Mərkəzin gənc könüllüləri, GİKM Masallı nümayəndəliyinin direktoru Vafiq Xəlilov, Masallı Rayon Polis Şöbəsinin əməkdaşı Samir Əliyev, Masallı Bioloji Təbəbət Klinikasının Baş həkimi Tural Xaspolad, Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşları, Masallı Dövlət Regional Kollecinin tələbələri iştirak ediblər.
İlk öncə, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra D. İbayeva və V. Xəlilov tədbir iştirakçılarını salamladıqdan sonra mövzu haqqında məlumat veriblər. Daha sonra söz Masallı Bioloji Təbabət Klinikasının baş həkimi Tural Xaspolada verilib. O, “Gənclik və narkomaniya” mövzusunda təqdimatla çıxış edib. Doktor çıxışında BMT-nin hesabatlarına istinadla dünyada 250 milyona yaxın insanın narkotikdən əziyyət çəkdiyini qeyd edib, bununla yanaşı narkotiklə mübarizə yollarından danışıb.
Daha sonra rayon Polis Şöbəsinin əməkdaşı S. Əliyev çıxışında narkotik vasitələrin alış-verişi ilə məşğul olan insanların inandırmaq daha asan olduğuna görə qurbanlarını azyaşlılar arasından seçdiklərini deyib. Əlavə edib ki, məhz belə halların qarşısının alınması üçün narkomaniya ilə mübarizədə ailələrlə yanaşı, təhsil müəssisələrinin üzərinə böyük vəzifələr düşür. S. Əliyev eyni zamanda məsələ ilə əlaqədar yeniyetmə və gənclər arasında davamlı maarifləndirmə işinin aparılmasının vacibliyini vurğulayıb.
Sonda Mərkəzin direktoru D. İbayeva və GİKM Masallı nümayəndəliyinin direktoru V. Xəlilov çıxışçılara öz minnətdarlıqlarını ifadə edərək, gənclərə narkomaniyanın fəsadları barədə əlavə məlumatlar veriblər.