18.06.2021
İyunun 18-də Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrında Vətən müharibəsi şəhidi Masim Qurbanovun xatirəsinə ithaf olunmuş tamaşa-kompozisiya oynanılıb. Yazıçı-publisist Nurəddin Ədiloğlunun şəhidlə bağlı mətbuatda dərc edilmiş yazıları əsasında hazırlanmış "Qanlı təpə" adlı kompozisiyada rolları teatrın aktyorları və Masallı Dövlət Regional Kollecinin tələbələri ifa ediblər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra teatrın rejissoru Cəmaləddin Əliyev şəhidin həyatı, kompozisiyanın məzmunu ilə bağlı çıxışından sonra onlayn tamaşa səhnəyə qoyulub. Səhnə işində döyüşlər zamanı nəvəsini şəhid vermiş babanın və şəhid anasının acı fəryadı aktyorların canlı, parlaq səhnə ifaları ilə virtual izləyicilərə təqdim edilib. Eyni zamanda, tələbələr vətənpərvərlik, şəhidlik məqamı kimi ali mənəvi dəyərləri tərənnüm edən şeir kompozisiyaları səsləndiriblər.
Tamaşadan sonra Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov şəhidin valideynləri ilə görüşüb, şəhidin ruhuna ehtiramını ifadə edib.
Tamaşa-kompozisiyanın hazırlanması və səhnəyə qoyulmasında rejissor C.Əliyev, aktrisa Aybəniz Həsənova, səhnə tərtibatı Elsevər Əliyev, kollec tələbələri və digərləri yaxından iştirak ediblər. Kompozisiya sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.