14.06.2021
İyunun 14-də Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Qurtuluşumuz əbədidir" adlı tədbir keçirib. Tədbirə Vətən müharibəsi iştirakçıları, rayon Mədəniyyət Mərkəzinin kollektivi və məktəblilər dəvət edilib.
İlk öncə, şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru vəzifəsini icra edən Çimnaz Qasımova qonaqları salamlayıb və xalqımızı əlamətdar gün münasibətilə təbrik edib.
Tədbirdə çıxış edən Elnur Atakişiyev qeyd edib ki, bu gün xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri - Milli Qurtuluş Günüdür. 1993-cü ilin iyun ayında Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışı və xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. O, xalqımızın tarixinə qızıl hərflərlə yazılan əlamətdar tarixi gün münasibətilə mədəniyyət işçiləri adından xalqımızı, qazilərimizi səmimi-qəlbdən təbrik edib, ölkə vətəndaşlarına firavanlıq, xoşbət gələcək arzulayıb.
Sonra məktəblilər Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər. Sonda Çimnaz Qasımova məktəbliləri "Fəxri Fərman"la təltif edib.