Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli Qurtuluş Günü konsert proqramı ilə qeyd edilib.

14.06.2021


İyun ayının 14-də Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə "Xilaskar" adlı konsert proqramı keçirilib. N.Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzi və Masallı Dövlət Regional Kolleci kollektivlərinin birgə iştirakı ilə təşkil edilən səhnə tədbirində xalqımızın dahi oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevlə bağlı hazırlanmış teatr kompozisiyası təqdim edilib. Sonra növbə incəsənət ustalarının musiqi və rəqs ifalarına verilib.
Masallı Xalq teatrının rejissoru Cəmaləddin Əliyev əlamətdar tarixi gün münasibətilə virtual izləyiciləri təbrik edib. Sonra teatrın kollektivi və təhsil müəssisəsinin müəllim və tələbə heyətinin birgə hazırladığı Ümummilli liderin həyatı və apardığı şərəfli mübarizə yolundan bəhs edən kompozisiya oynanılıb. Daha sonra tədbir incəsənət adamlarının konsert proqramı ilə davam edib.
Əvvəlcə mahir ifaçı Atamoğlan Zahid musiqi nömrəsini səsləndirib. Digər sevilən müğənnilər Miriş Hüseynov, Şamo İbayev, Aysel Nərimanova, Ruslan Zahidov, Roza İstək görkəmli sənətkarların vətənpərvərliyi və milli ruhu tərənnüm edən musiqi əsərlərini ifa ediblər. "Halay" Xalq folklor kollektivinin özünəməxsus rəqs çıxışları tədbirdə bayram ab-havası yaradıb. Sənətçiləri Mədəniyyət Mərkəzinin instrumental musiqiçi ansamblı müşayiət edib.
Konsert proqramı sosial media platformaları vasitəsilə izləyicilərə canlı təqdim edilib.