06.05.2021
Mayın 5-də Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov gündəlikdə duran cari məsələlərin müzakirəsi ilə bağlı idarənin əhatə etdiyi rayonlardakı mərkəzi müəssisələrin rəhbərləri ilə iclas keçirib.
İdarə rəisi əvvəlcə iclas iştirakçılarını salamlayıb. Sonra Vətən müharibəsində şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik ehtiramla yad edilib.
İclasdakı çıxışında rəis B. Qılıncov mədəniyyət sahəsində aparılan islahatların mahiyyəti, nəzəri əsasları və prioritet istiqamətləri barədə bəhs edib, həmçinin idarənin gələcək fəaliyyəti ilə bağlı bir sıra vacib məqamlara toxunub. Bildirilib ki, mədəniyyət sistemində aparılan islahatların nəzəri bazası bu sahəyə dair ən mütərəqqi yanaşmalara və təcrübələrə əsaslanır. Qeyd olunub ki, müvafiq sahə üzrə mütərəqqi ideyaların tətbiqi ilə bağlı yeni mədəniyyət konsepsiyası hazırlanır. Rəis eyni zamanda, mədəniyyətin işğaldan azad edilmiş torpaqlara qaytarılması prosesi, mədəniyyətin ölkə daxilində və beynəlxalq aləmdə təbliği və tanıdılması, yaradıcı sənayenin inkişaf etdirilməsinin əhəmiyyəti barədə də danışıb.
B. Qılıncov idarənin sonrakı fəaliyyəti ilə bağlı əsas məsələlərə də aydınlıq gətirib. İdarə rəisi mədəniyyət naziri Anar Kərimovun müvafiq tapşırıqlarından çıxış edərək bildirib ki, rəhbərlər məsuliyyətli olmalı, müəssisələrdəki nöqsanlar və digər neqativ hallar qısa müddət ərzində aradan qaldırılmalıdır. Qeyd olunub ki, müəssisələrdə sənədləşmə işlərinin aparılması zamanı qanunvericiliyin tələbləri gözlənilməli, bu məsələyə diqqət artırılmalıdır. Rəis B. Qılıncov uşaq musiqi və incəsənət məktəblərinin rəhbərlərinə də bir sıra tapşırıqlar verib və onların icrasına ciddi əməl olunmasını rəhbərlərin nəzərinə çatdırıb. O, eyni zamanda, texniki təchizat məsələlərinə də münasibət bildirib.
İdarə rəisi çıxışında həmçinin müəssisələrdə etik davranış qaydalarına riayət olunması, işə qəbulun aparılmasına dair tələblər, infeksiya təhlükəsinə qarşı mübarizə tədbirləri və digər məsələlərdən də bəhs edib və müvafiq istiqamətlər üzrə rəhbərlərə ciddi tapşırıqlar verib.
B. Qılıncov sonda yaxın zamanlarda yerlərdəki müəssisələrdə monitorinqlərin aparılacağını da bəyan edib.