Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş növbəti videokonfrans keçirilib.

20.04.2020

Məlum olduğu kimi, pandemiya təhlükəsilə əlaqədar olaraq mədəniyyət müəssisələri fəaliyyətlərini müasir texnoloji vasitələrdən istifadə edərək davam etdirirlər. Masallı Regional Mədəniyyət İdarəsi və tabe müəssisələr də öz növbəsində, görülmüş işlərin təhlili, gündəlikdə duran məsələlər, eləcə də qarşıdakı vəzifələrlə bağlı müzakirə və məsləhətləşmələri bəhs olunan vasitələrin köməyi ilə aparırlar.

Bu baxımdan, aprelin 20-də regional idarənin Cəlilabad və Yardımlı rayonlarında fəaliyyət göstərən müəssisələrin karantin dövründəki fəaliyyətilə əlaqədar keçirilmiş növbəti videokonfransı bu qəbildən olan növbəti tədbirlərdəndir.

Videokonfransda çıxış edən regional idarənin rəisi Lətifə Mövsümova, karantin rejimi dövründə qeyd olunan rayonlardakı mədəniyyət müəssisələrinin fəaliyyətini bir neçə istiqamət üzrə nəzərdən keçirib. Bildirilib ki, məssisələrdə müvafiq qurumların tələb və tövsiyələrinə əsasən bir neçə dəfə dezinfeksiya işləri aparılıb və bu tədbirlərin qarşıdakı günlərdə də davam etdirilməsi nəzərdə tutulub. Yaşlı, sosial qayğıya ehtiyacı olan keçmiş mədəniyyət işçiləri və aztəminatlı ailələr evlərində ziyarət edilib, onlara ərzaq yardımları aparılıb. L. Mövsümova bütün bunların müsbət hal olduğunu və bu istiqamətdə işlərin bundan sonra da davam etdirməyin vacibliyini diqqətə çatdırıb. O, həmçinin Mədəniyyət Nazirliyinin “Evdə qal, evdə yarat” təşəbbüsü və digər layihələr çərçivəsində görülmüş işlərə də toxunub. Qeyd olunub ki, layihələr çərçivəsində bir çox distant dərslər, videoçarxlar hazırlanaraq, regional idarəyə təqdim edilib. Bu işə adıçəkilən rayonlarda fəaliyyət göstərən bütün müəssisələr, o cümlədən musiqi və incəsənət məktəbləri, kitabxanalar, muzeylər, Heydər Əliyev mərkəzləri, mədəniyyət mərkəzləri və digərləri cəlb edilib. L. Mövsümova əldə olunan nailiyyətlərlə yanaşı, yol verilən nöqsanlar barəsində də danışıb, onların aradan qaldırılması ilə bağlı müvafiq göstərişlər verib.

Sonra rəis müavini Gündüz Mürsəlov çıxış edib. O, hazırki şəraitdə müasir texnoloji avadanlıqlardan istifadə bacarıqlarının daha da inkişaf etdirilməsinin zəruriliyi və sosial şəbəkələrdəki fəaliyyətlərin əhəmiyyətindən bəhs edib.

Regional idarənin baş məsləhətçisi Ayaz Əliyev isə mövcud vəziyyəti mədəniyyət işçiləri üçün sınaq adlandırıb. Videoçarxlar və digər materialların hazırlanması, habelə müəssisə binalarının dezinfeksiya olunması, həssas sosial təbəqədən olanlara ərzaq yardımları və digər məsələlərdən söz açan A. Əliyev, texniki məsələlərlə bağlı mövcud çatışmazlığı aradan qaldırmaqdan ötəri işçilərin gələcəkdə ixtisasartırma kurslarına göndərilməsinin faydalı ola biləcəyini qeyd edib.

Digər videokonfrans iştirakçıları da müzakirə olunan müxtəlif məsələlərlə bağlı fikirlərini bildirib, təkliflərlə çıxış ediblər.

Rəhbərliyin tapşırıq və tövsiyyələrindən sonra videokonfransa yekun vurulub.