15.04.2020
Koronavirus (COVİD - 19) pandemiyası ilə əlaqədar elan edilmiş xüsusi karantin rejimində respublika üzrə mədəniyyət müəssisələri öz fəaliyyətlərini onlayn platforma (sosial şəbəkələr, videokonfranslar və s.) vasitəsilə davam etdirirlər. Bu baxımdan Masallı Regional Mədəniyyət İdarəsi və tabe müəssisələr də mövcud şəraiti nəzərə alaraq, sözügedən elektron kommunikasiya imkanlarından istifadə edərək, işlərinidavam etdirir, qarşıda duran vəzifələrin icrası ilə bağlı fikir mübadiləsi və məsləhətləşmələr aparırlar.
Bu məqsədlə, aprelin 15-də regional idarənin əməkdaşlarının və Masallı rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərlərinin iştirakı ilə videokonfrans keçirilib. Videokonfrans zamanı karantin rejiminin tətbiq edildiyi gündən başlayaraq 15 aprel tarixinə qədər idarə və müəssisələr tərəfindən görülmüş və qarşıda görüləcək işlər, nöqsanlar və onların aradan qaldırılması üsulları, təkliflər və digər məsələlər ətrafında geniş müzakirələr və fikir mübadiləsi aparılıb.
Əvvəlcə regional idarənin rəisi Lətifə Mövsümova videokonfransı açıq elan edərək, görülmüş işlərlə əlaqədar geniş çıxış edib. Bildirilib ki, regional idarə və müəssisələr Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülmüş “Evdə qal, evdə yarat” təşəbbüsünə qoşulub, bu istiqamətdə səmərəli və məqsədyönlü iş aparılıb. Qeyd olunub ki, təşəbbüş çərçivəsində region üzrə müvafiq təhsil müəssisələri tərəfindən onlayn qaydada distant dərslər keçirilib, Heydər Əliyev mərkəzləri, kitabxanalar, muzeylər, qalereyalar və digər müəssisələrtərəfindən profilə uyğun olaraq bədii qiraət, rəsm əsərləri, əl işləri, tarix və etnoqrafik, solo ifalar, kiçik həcmli tamaşalar və digər məzmunlarda çoxsaylı videoçarxlar hazırlanıb. Əlavə olunub ki, Nazirliyin adıçəkilən təşəbbüsünə dəstək verməklə yanaşı, idarə tərəfindən virtual layihələr, müsabiqələr, o cümlədən Aprel döyüşlərilə əlaqədar hərbi-vətənpərvərlik mövzusunda bədii qiraət müsabiqəsi keçirilib. Hazırda ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan virtual “Yaz festivalı”keçirilir və bu istiqamətdə işlər davam etdiriləcəkdir.
L. Mövsümova yaşı 65-i ötmüş, sosial baxımdan həssas əhali qrupundan olan keçmiş mədəniyyət işçilərinə və aztəminatlı ailələrə ərzaq yardımları məsələsinə də toxunub. Qeyd olunub ki, region üzrə bir çox ailələrə yardımlar edilib və bu tədbirlər bundan sonra da davam etdirilməlidir.
Digər videokonfrans iştirakçıları da müzakirə olunan məsələlərlə bağlı fikir mübadiləsi aparıb, təkliflərlə çıxış ediblər. Qeyd olunub ki, mövcud vəziyyətlə əlaqədar regionun tanınmiş incəsənət ustalarının iştirakı ilə onlayn platforma üzərindən canlı konsertlərin və digər bu qəbildən olan tədbirlərin keçirilməsi həm yerli sakinlərin əhval-ruhiyyəsinin yüksəldilməsinə, həm də insanların asudə vaxtlarının səmərəli təşkilinə faydalı ola bilər. Bununla yanaşı, videokonfrans formatında iclasların karantin rejimindən sonrakı dövrdə də keçirilməsi irəli sürülən maraqlı təkliflərdəndir.
Müzakirə və təkliflərdən, eləcə də qarşıda görüləcək işlərlə bağlı rəhbərliyin müvafiq göstəriş və tövsiyyələrindən sonra iclas öz işini yekunlaşdırıb.
Qeyd edək ki, Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad və Yardımlı rayonlarında fəaliyyət göstərən müəssisələrin rəhbərlərilə də yaxın günlərdə videokonfransın keçirilməsi nəzərdə tutulub