Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət naziri Masallı rayonunda vətəndaşlarla görüşüb

25.02.2020

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fevralın 25-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Masallı rayonunda vətəndaşlarla görüşüb.

Qəbuldan öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülərək xatirəsi ehtiramla anılıb.

Daha sonra Əbülfəs Qarayev Masallı rayon Heydər Əliyev Mərkəzində bu rayondan olan vətəndaşları qəbul edib. Görüşdə sakinlər tərəfindən mədəniyyət sahəsi üzrə ali təhsil alan tələbələrin könüllülük prinsipi əsasında mədəniyyət müəssisələrində çalışması, rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən dərzilik dərnəyinin müasir avadanlıqlarla təmin olunması, kitabxanaların dərsliklər və uşaq ədəbiyyatı ilə təmin edilməsi, yaradıcı sənayenin dəstəklənməsi məqsədilə müxtəlif yerlərdə hazırlanan əl işlərinin satış-sərgilərinin təşkili, uşaq musiqi məktəblərində tanınmış incəsənət xadimlərinin iştirakı ilə ustad dərslərinin keçirilməsi ilə bağlı müraciətlər səsləndirilib.

Qəbulda vətəndaşlar tərəfindən həmçinin rayonda yerləşən tarixi hamamın təmir-bərpa olunması, tarixi abidə olan Banbaşı kənd məscidinin dam örtüyünün dəyişdirilməsi, klub müəssisələrində çalışan işçilərin attestasiyasının keçirilməsi, kitabxanaların ALİSA (mərkəzləşdirilmiş elektron kitabxana sistemi) proqramı ilə təmin olunması, uşaq musiqi məktəblərinin musiqi alətləri ilə təmin olunması, Əməkdar artist, xanəndə Sabir Mirzəyevin adının əbədiləşdirilməsi və digər məsələlərlə bağlı nazir Əbülfəs Qarayevə müraciət edilib.

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin də iştirak etdiyi görüşdə bütün müraciətlər dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. Nazir bəzi müraciətlərin araşdırılması və qanunvericilik çərçivəsində həll olunması məqsədilə müvafiq tapşırıqlar verib.

 

        Mədəniyyət naziri Əbülfəs Qarayev vətəndaşlarla görüşündən sonra mətbuata açıqlama verib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, hər ay regionlarda vətəndaşların qəbulu keçirilir və bu görüşlərdə vətəndaşlar tərəfindən mədəniyyətin müxtəlif istiqamətlərində məsələlər qaldırılır. Bütün bunlar insanların mədəniyyətin inkişafına həssas münasibətini ortaya qoyur: “Bugünkü qəbulda da dəyərli təkliflər, müraciətlər səsləndirildi. Onların sırasında muzeylərdə uşaqlar üçün xüsusi proqramların tərtib olunması, ustad dərslərinin keçirilməsi, tarixi abidələrin qorunması, bərpa və konservasiyası kimi məsələləri əhatə edirdi. Qeyd edilən məsələlərin həlli ilə bağlı atılan addımlar mədəniyyət sahəsinin inkişafına öz töhfələrini verir”.

Əbülfəs Qarayev Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri və səfər zamanı iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı istiqamətində görülən işlərə toxunub. Bildirib ki, bu il ərzində İtaliyada Azərbaycana həsr olunmuş silsilə tədbirlər keçiriləcək: “Bu tədbirlər həm Heydər Əliyev Fondu, həm də Mədəniyyət Nazirliyi tərəfindən ilboyu davam etdiriləcək. Xüsusilə qeyd etmək istərdim ki, İtaliyada Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə böyük layihələr həyata keçirilir. O, cümlədən İtaliyada təşkil olunan beynəlxalq tədbirlərdə də ölkəmiz fəal iştirak edir. İtaliyanın elmi, mədəni mərkəzləri ilə çox sıx əlaqələrimiz var. Bu yaxınlarda da nümayəndə heyətimiz növbəti dəfə Venesiyada keçiriləcək beynəlxalq tədbirə qatılacaq”.

***

Masallıya səfəri çərçivəsində nazir rayonunun bir sıra mədəniyyət müəssisələrinə baş çəkib, onların fəaliyyəti ilə maraqlanıb.