19.02.2020
Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Xocalı faciəsilə əlaqədar tədbir keçirilib.
Fevralın 19-da Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid ailələri İctimai Birliyinin masallı filalının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar “Xocalı qisasa çağırır bizi” adlı tədbir keçirilib. Tədbirdə mədəniyyət işçiləri, könüllülər, ziyalılar, Qarabağ müharibəsi iştirakçıları, Xocalıdan olan məcburi köçkün ailəsi, QHT nümayəndələri və digərləri iştirak edib.
Tədbirdən əvvəl Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva, xalqımızın qanayan yarası, tariximizin ən qanlı səhifələrindən biri olan Xocalı faciəsinin törədilməsi, faciə qurbanlarının kədərli taleyi, faciənin ölkə və beynəlxalq mediada işıqlandırılması və digər məsələlər haqqında danışıb.
Qarabağ müharibəsi iştirakçıları Nahid Rəhimov, Cəmaləddin Məmmədov hökumət və bir sıra QHT-lər tərəfindən Xocalı faciəsinin beynəlxalq miqyasda tanıdılması istiqamətində görülmüş tədbirlərdən, Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransındakı panel müzakirələrdə iştirakı, o cümlədən Qarabağla bağlı müzakirələrdə erməni tərəfini tutarlı faktlarla susturmasından söz açıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, Xocalı faciəsi zamanı yerli sakinlərə amansızcasına divan tutulmasının insanlıq cinayəti olduğunu, təqsirkarların cəzalandırılmasının labüdlüyünü vurğulayıb. O, yeniyetmə və gənc nəslin nümayəndələrinə tariximizin bu kimi qanlı səhifələrindən nəticə çıxarmağı tövsiyə edib.
Masallı rayonunda məskunlaşmış Xocalıdan olan məcburi köçkün Kamilə Quliyeva isə hadisələrin canlı şahidi olduğunu,faciə zamanı yaşadığı ağır günlər, məruz qaldığı məhrumiyyətlərdən danışıb. O, Masallı rayonunda ailəsi üçün yaradılmış şəraitə görə rayon rəhbərliyinə və rayon ictimaiyyətinə minnətdarlığını bildirib.
Tədbirin sonunda Şəhər 2 saylı tam orta məktəb şagirdlərin ifasında Xocalı harayını özündə əks etdirən şerlər dinlənilb və muzeyin ekspozisiya zalında Xocalı faciəsilə bağlı təşkil edilmiş sərgiyə baxış keçirib.