15.01.2020
“20 Yanvar” faciəsinin otuzuncu ildönümünün keçirilməsi ilə bağlı Masallı rayon Heydər Əliyev Mərkəzinin hazırladığı tədbirlər planına əsasən 15 yanvar 2020-ci il tarixində “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi “ mövzusunda Tarix dərsi keçirilmişdir.Keçirilən Tarix dərsındə Masallı şəhər 3 saylı və Dəfinə litseyinin müəllim və şagirdləri iştirak etmişlər.Keçirilən dərs şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı. Sonra Mərkəzin əməkdaşı Sevanə Mənsimova bildirdi ki, 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür.Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır. 30 il öncə Azərbaycan xalqının taleyində qorxunc günlər yaşanırdı. Xalqımız qırmızı imperiyanın "Qızıl ordusu"nun, sovet hərb maşınının zoruna məruz qalmışdı. Xalqımız təcavüzə uğramış, günahsız insanlar gülləbaran edilmişdir.20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. 1990-cı ilin 20 Yanvarından ötən illəri bir qayda olaraq yalnız kədər, hüzn, matəm kimi qeyd etmişik, şəhidlərimizin ruhunu ağı və sızıntı ilə anmışıq. Amma bir şeyi unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar həm də xalqımızın şan və şərəf günüdür. Unutmamalıyıq ki, həmin gün küçələri boyamış al şəhid qanları bir anlamda milli məfkurəmizin oyanan günəşinin qırmızı şəfəqini simvolizə edirdi. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı özgürlük mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir.Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi.Ümummilli Liderimiz Heydər Əliyev 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində də bir sıra mühüm tədbirlər həyata keçirdi. Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər Xiyabanını ziyarət etdi. Və elə yerindəcə tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülsün və burada memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və bu iş qısa zamanda başa çatdırıldı. Məhz ulu öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olundu. Sonda şagirdlərin iştirakı ilə “ 20 yanvar Tarixin Qan Yaddaşı “ adlı videomateriala baxış keçirildi.