08.01.2018
8 yanvar 2018-ci ildə Masallı rayon Mərkəzi Kitabxanada “Dövlət dili haqqında qanunun qüvvəyə minməsi” ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Kitabişləmə və kataloqlaşdırma şöbəsinin müdiri Südabə Məmmədova dövlət dilinin qorunması, onun işləkliyinin təmin edilməsi və yad təsirlərdən mühafizəsinin rəsmi siyasətin əsas istiqamətlərindən biri olması haqqında danışdı. Dövlət dilinin statusunun möhkəmləndirmək, tədris və tədqiqini yaxşılaşdırmaq məqsədi ilə müxtəlif fərman və sərəncamların imzalandığını, bu sənədlərin dövlət dilinə milli rəmz kimi yanaşmanın bariz nümunəsi olduğunu bildirdi. Daha sonra çıxış edən Oxu zalının müdiri Şəmsurə Nəsirova Azərbaycan xalqının zəngin dil mədəniyyətinə sahib olmasına toxunaraq ana dilinin sadəcə ünsiyyət vasitəsi deyil, xalqın dünyagörüşünün, düşüncə tərzinin ifadəsi olduğunu, vətəni sevən hər kəsin bununla qürur duyduğunu vurğuladı.