03.12.2019
Dekabrın 3-də Masallı şəhərində 3 dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib. Masallı Rayon İcra Hakimiyyəti və rayon mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon rəhbərliyi, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və əməkdaşları, səhiyyə, təhsil, mədəniyyət işçiləri, QHT təmsilçiləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edib.
Tədbirdə ilk çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, əlillərlə bağlı hökumətin gördüyü sosial müdafiə və reabilitasiya tədbirləri, əlillərin tam hüquqlu üzv kimi cəmiyyət həyatında iştirakı və inteqrasiya məsələləri, əlillərin məişət və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində son illərdə görülmüş işlər, habelə əlillərin sosial müdafiəsi və digər hüquqları ilə bağlı qəbul edilmiş dövlət proqramları və digər sənədlər haqqında danışıb.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon nümayəndəliyinin sədri Nahid Rəhimov, paytaxt Bakıda və respublikanın müxtəlif rayonlarında əlillər üçün yaradılmış reabilitasiya mərkəzlərinin fəaliyyəti, əlil və fiziki imkanları məhdud şəxslərə göstərilən səhiyyə xidmətləri, əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülmüş tədbirlər və digər məsələlər haqqında çıxış edib.
Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova isə, Azərbaycanın azadlığı və ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlığını itirmiş vətəndaşlara göstərilən diqqət və qayğıdan, əlillərin təhsil, əmək və digər hüquqlarının həyata keçirilməsinin əhəmiyyətindən söz açıb.
Digər natiqlər də mövzu ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.
Çıxışlardan sonra tədbir konsert proqramı ilə davam edib. Rayon mədəniyyət mərkəzinin solistləri Miriş Hüseynov, Ruslan Zahidov, Şamo İbayevin musiqi ifaları, “Halay” folklor rəqs ansanblı və “Masallı” rəqs qrupunun çıxışları alqışlarla qarşılanıb.