08.11.2019
Noyabrın 8-də Masallı şəhərində 9 noyabr - Dövlət Bayrağı Günü və 12 noyabr – Konstitusiya Günü münasibətilə Masallı rayon Icra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə rayon rəhbərliyi, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, mədəniyyət, təhsil, səhiyyə işçiləri, tələbələr, məktəblilər və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hər iki əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, çıxışında üçrəngli dövlət bayrağının yaradılması tarixi, bayrağın rənglərinin daşıdığı siyasi-rəmzi mənalar, dövlət müstəqilliyinin bərpası ərəfəsində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yenidən dövlət atributu kimi qəbulu, dövlət bayrağı meydanı və dövlət bayrağı gününün təsis edilməsi, habelə ölkə qanunvericiliyinin əsası sayılan konstitusiya layihəsinin hazırlanması, layihənin ictimai müzakirəyə çıxarılması və referendum üsulu ilə qəbulu haqqında danışıb. Üçrəngli dövlət bayrağının Şuşada, Xankəndində və digər işğal olunmuş ərazilərdə dalğalanmasını arzuladığını bildirən R. Hüseynov, əlavə edib ki, hər bir Azərbaycan vətəndaşı milli suverenliyin rəmzi kimi dövlət bayrağına ehtiram göstərməli və bunu özünün müqəddəs borcu hesab etməlidir.
Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov isə məruzə ilə çıxış edib. O, məruzədə üçrəngli bayrağın dövlət rəmzi kimi yenidən qəbulu, müstəqillik illərində ilk konstitusiyanın qəbul edilməsi, bu məsələlərdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri, rayon Gənclər və İdman İdarəsinin fəaliyyəti haqqında söz açıb.
Digər çıxış edənlər də əlamətdar günlərlə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Əvvəlcə Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin birgə hazırladığı “Bayrağına canım qurban, Azərbaycan!” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Sonra rayon Mədəniyyət Evinin musiqi və rəqs kollektivlərinin iştirakı ilə konsert proqramı keçirilib. Proqramda yerli incəsənət ustalarından Miriş Hüseynov, Şamo İbayev, Məlahət Əzizlinin musiqi ifaları, “Masallı” rəqs qrupunun çıxışları tədbir iştirakçılarının böyük maraq və alqışları ilə qarşılanıb.