Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı rayon mədəniyyət evində bayraq gününə həsr olunmuş tədbir keçirilib.

07.11.2019

7 noyabr tarixində N. Gəncəvi adına Masallı Rayon Mədəniyyət Evində Masallı Rayon Gənclər və İdman İdarəsi və Masallı Dövlət Regional kollecinin birgə təşkilatçılığı ilə “9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” ilə əlaqədar “Bayrağına canım qurban, Azərbaycan!” adlı tədbir keçirilib. Tədbirdə yerli ziyalılar, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının nümayəndələri, mədəniyyət işçiləri, kollec tələbələri, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak edib.

Tədbir Masallı Dövlət Regional Kollecinin tələbələri və Masallı Xalq Teatrının kollektivi tərəfindən mövzu ilə əlaqədar hazırlanmış ədəbi-bədii kompozisiyanın nümayiş olunması ilə açıq elan olunub. Sonra mövzu ilə bağlı Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, rayon ziyalısı Qardaş Fətullayev və digər natiqlər tərəfindən çıxışlar edilib. Bildirilib ki, üçrəngli bayrağın yaradılması və rəsmi dövlət atributu kimi elan edilməsi müstəqil dövlətçilik tariximizin ən əlamətdar hadisələrindən biridir. Görkəmli ədib və mütəfəkkir Əli bəy Hüseynzadənin siyasi-fəlsəfi fikirlərindən bəhrələnərək, 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzlərindən biri kimi yaradılan üçrəngli bayraq, sovet hakimiyyəti illərində müstəqil dövlətçilik rəmzi kimi unutdurulmağa çalışılmışdır. Lakin, sovet imperiyasının son illərində geniş vüsət alan milli azadlıq hərəkatı zamanı yenidən ucaldılan bayraq, meydanlara toplaşan xalq kütlələrinin azad və müstəqil yaşamaq əzmini ifadə edirdi. Əlavə edilib ki, hələ sovet hakimiyyətinin mövcud olduğu şəraitdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən Muxtar Respublikanın bayrağı kimi qəbul edilib. Bununla yanaşı, Azərbaycan Ali Sovetinə də müvafiq qərarın qəbul edilməsi üçün təklif verilib.

Tədbirin yekununda Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi C. Manafov təhsil sahəsindəki xidmətləri və ictimai fəaliyyəti ilə fərqlənən bir sıra müəllimləri “Fəxri fərman” və qiymətli hədiyyələrlə təltif etdi.