Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində uşaq hüquqlarına həsr olunmuş tədbir keçirilib

30.10.2019

30 oktyabr tarixində Masallı şəhər 3 saylı tam orta məktəbin 5-ci sinif şagirdlərinin iştirakı ilə Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə hər il 20 oktyabr – 20 noyabr tarixlərində ölkə miqyasında qeyd edilən “Uşaq hüquqları aylığı” ilə bağlı “Uşaqlar gələcəyimizdir” adlı tədbir keçirilib.

Tədbirdə muzeyin elmi işçisi Həbib Ağayev, uşaq hüquqları anlayışının mahiyyəti, tətbiqi və qorunması, habelə ölkəmizdə uşaq hüquqlarının hazırkı vəziyyəti, sözügedən hüquqların təmin edilməsi istiqamətində görülmüş işlər – müvafiq qanunvericilik bazasının yaradılması, uşaqların sosial, təhsil, səhiyyə və digər hüquqlarının həyata keçirilməsi baxımından hökumətin son illərdə gördüyü tədbirlər, bu sahədə BMT konvensiyası və digər əlaqədar beynəlxalq normativ-hüquqi sənədlərlə bağlı məktəblilərə ətraflı məlumatlar verdi.

Sonra Masallı şəhər 3 saylı tam orta məktəbin tarix müəllimi Afər Əliyeva, ölkədə uşaqların təhsil hüquqlarının təmin edilməsi, sözügedən hüquqlardan səmərəli və məqsədyönlü istifadə, bu sahədə məktəblilər arasında aparılan maarifləndirmə tədbirləri haqqında çıxış etdi.

Muzeyin bələdçisi və Masallı Dövlət Regional Kollecinin turizm ixtisası üzrə müəllimi İlkin Şabanzadə isə turizm və muzey tipli müəssisələrdə uşaqların istirahət və əyləncə hüquqlarının təmin edilməsi ilə bağlı görülməsi vacib olan tədbirlər haqqında danışdı.

Sonda mövzu ilə əlaqədar şagirdlər arasında sorğu keçirildi, suallar cavablandırıldı.